Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. On minlərlə insanın həyatına son qoyan müharibə tam sürətlə davam edərkən, sızdırılan sənədlər Ukraynada “soyuq duş” effekti yaradıb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Pentaqonun sızdırılmış sənədlərində Ukraynanın hava hücumundan müdafiə sisteminin tükənəcəyi və Putinin döyüş təyyarələrinin hava üstünlüyünü tam şəkildə əldə edəcəyi proqnozlaşdırır.
İfşa edilmiş məxfi sənədləri araşdıran “The New York Times” (NYT) yazıb ki, Ukraynanın cəbhə xəttindəki qoşunları qoruyan hava hücumundan müdafiəsi mayın 23-dək təsirsiz hala düşə bilər.
23 Fevral tarixli və “Məxfi” olaraq qeyd olunan sənədlərdən birində isə Ukraynanın “S-300” hava hücumundan müdafiə sistemlərinin Rusiya qüvvələrinin təkrar hücumlarından sonra yalnız mayın 2-nə qədər tab gətirə biləcəyi barədə məlumatlar yer alır.
Başqa sözlə, Pentaqonun yeni sızdırılmış sənədlərinə görə, Ukraynanın hava hücumundan müdafiə sistemi həftələr ərzində tükənərək, ölkəni Putinin döyüş təyyarələri qarşısında aciz vəziyyətə salma ehtimalı var.
Hərbi ekspertlər isə xəbərdarlıq edirlər ki, ABŞ-nin 2 milyard dollar yardımı Ukrayna üçün kifayət etməyə bilər.
Hətta NYT-yə danışan ABŞ rəsmisi yardımın Ukraynanın hücumundan əvvəl mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Çünki sızan sənədlərə görə, Ukraynanın ehtiyatları sürətlə tükənir və bu, Rusiya təyyarələrinə hücum üçün pəncərə açır.
Qeyd edək ki, ABŞ Pentaqonun sızdırdığı sənədlərlə bağlı araşdırmaya başlayıb.
ABŞ rəsmiləri istintaqın ilkin mərhələdə olduğunu və sızmanın arxasında kimin ola biləcəyinin hələ də bəlli olmadığını bildirib.
Mənbə: Hürriyət qazeti