Alimlər sirri ortaya çıxarıb

"Everestdən beş dəfə hündür dağlar var"

  Yer planetinin cənub yarımkürəsinin geoloji xəritəsi üzərində yeni çalışmalar aparan alimlər indiyədək naməlum olan sirri ortaya çıxarıb. “Şərq” xarici mediaya istinadən xəbər verir ki, alimlər xəritəni araşdırarkən yer nüvəsinin ətrafını sarmış qədim okean səthi aşkar edib.  Bu səth ərimiş metal nüvənin üzərində qayalıq mantodan ibarətdir və 2.900 kilometr dərinlikdə yerləşir. ABŞ-nin Alabama Universitetindən geoloq Samanta Hansen “apardığımız seysmik araşdrımalar planetin daxili quruluşunu mümkün olduğu qədər görməyimizə kömək edir, nəticədə Yerin quruluşunun təxmin etdiyimizdən daha çox qarma-qarışıq olduğunu görə bilirik”, söyləyib. Cənub yarımkürədə zəlzələlərin yaratdığı seysmik dalğalardan Yerin nüvə-mantiya sərhəddi boyunca quruluşunun müəyyən olunmasında istifadə edilib. Hansen və həmkarları zəlzələlərin yaratdığı dalğaların xəritəsini çıxarmaq üçün 3 il ərzində Antarkdtidada buzla örtülü 15 müşahidə stansiyasında çalışıb. Bu dalğaların hərəkəti və sıçrama şəkli Yer daxilindəki materiyaların əlaqəsini ortaya çıxarır.  Aparılan araşdırmalar Yer planetinin nüvəsinin bəzi yerlərində Everest dağından 5 dəfə hündür dağlar olduğunu müəyyən edib. Araşdırmaçılar qədim okean səthinin Yerin nüvəsini əhatə etdiyi mülahizəsini də irəli sürür, lakin bunun təsdiqini tapması üçün hələ çox tədqiqatlar  aparılmalıdır. Seysmik araşdırmalar bu sirri aça bilər.