Burada 11 ildə 318 nəfər boğulub

Amma yenə də kanalda çimməyi üstün tuturlar

  Türkiyənin Adana bölgəsində insan tələfatı sayına görə “lənətlənmiş ərazi” kimi tanınan su kanalında bu yay da ziyarətçi bolluğu yaşanır. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, son 11 ildə su kanalında 318 nəfər boğulub. Ötən il də 30 nəfər batıb.

 Ölənlər arasında uşaqlar çoxluq təşkil edir. Lakin havaların istiləşməsiylə kanalda yenə eyni mənzərə yaşanır. Qızmar havada sərinlənmək istəyənlər bu kanala üz tutur, suya baş vururlar. Kanalda çimənlərin çoxu uşaqlardır. Əylənmək və sərinlənmək istəyən uşaqlar suvarma kanalına, Seyhan çayı, Seyhan su anbarı gölünə baş vururlar. Suvarma kanalı Adananın bir çox bölgəsindən keçdiyi üçün kanalda çimənlərin sayı da hər gün artır. Baxmayaraq ki, kanalda ölüm halları çox olur, uşaqlar yenə də sərinlənmək üçün kanalda çimməyi üstün tuturlar. Məktəblər bağlanacaq,  uşaqlar kanala daha çox gəlməyə başlayacaq. Bunu nəzərə alan ailələr kanalda çimməyin qadağan edilməsini istəyir. İHA müxbirinin “Kanalda 11 ildə 318 nəfər ölüb. Kanalda çimməkdən qorxmursunuz” sualına cavab verən bir yeniyetmə “Hava çox istidi. Yanırıq. Ölənlərə Allah rəhmət eləsin, biz üzməkdən qorxmuruq. Həyata bir dəfə gəlir insan, ürəyimiz nə istəyir, onu edirik”, cavabını verib.