Rusiya Ukrayna ordusunun əks-hücum əməliyyatlarına hazır deyil  - POLİTOLOQ

"Moskva son addım kimi taktiki nüvə silahından istifadə etmək məcburiyyətində də qala bilər"

"Kaxovka su elektrik stansiyasını (SES) Rusiya ordusunun 205-ci motoatıcı briqadası partladıb".
Bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixaylo Podolyak müsahibəsində bildirib.
O qeyd edib ki, Ukrayna kəşfiyyatının məlumatına əsasən, Kaxovka SES-i Rusiya Silahlı Qüvvələrinin 205-ci motoatıcı briqadası partladıb: "İlkin məlumatlara əsasən deyə bilərik ki, partlayışı 205-ci motoatıcı briqada həyata keçirib. Hazırda bütün informasiyalar yoxlanılır”.

Hadisəni dəyərləndirən siyasi-şərhçi Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, bu hücumu Rusiyanın savaşa tab gətirə bilməməsinin əlamətlərindən biri kimi dəyərləndirmək olar:

"Çünki son məlumatlarda Ukrayna ordusunun əks-hücum əməliyyatlarına başlamasından öncə Kremlin hərbi və siyasi dairələrində ciddi təşviş yaşanır. Digər tərəfdən isə əməliyyatların artıq başladığı iddia olunur. Ancaq əslində bu əməliyyatlar hələ başlamayıb və sadəcə Rusiya qoşunlarına hazırlıq zərbələri endirilir.  Həmin zərbələrdən sonra isə Rusiya ordusunun müdafiə qabiliyyətini itirdiyi hiss olunur. Yəni Rusiya Ukrayna ordusunun əks-hücum əməliyyatlarına hazır deyil. Bu səbəbdən də Kremlin hərbi-siyasi elitası çalışır ki, mülki-strateji obyektlərə zərbələr endirərək Ukrayna ordusunu əməliyyatlardan imtina etməyə məcbur etsin və ya bunu ləngitsinlər" 

Analitikin sözlərinə görə, müşahidələr rəsmi Kiyevin əks-hücum əməliyyatlarından imtina etmək niyyətində olmadığını göstərir:

"Hətta Ukrayna ordusunun hücuma keçməyə tam hazır olduğu barəsində bəyanatlar belə verilir. Böyük ehtimalla bu əməliyyat yaxın günlərdə genişmiqyaslı şəkildə start götürəcək. Digər tərəfdən SES-ə endirilən zərbə, daha bir təhlükəli tendesiyadan xəbər verir. Ehtimal var ki, Rusiya SES-ə hücumla istəyinə nail olmasa, sonrakı mərhələdə Ukraynada olan atom elektrik stansiyalarına da zərbə endirsin. Hətta Moskva son addım kimi taktiki nüvə silahından istifadə etmək məcburiyyətində də qala bilər".