Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 24-də “Vaqner” özəl hərbi şirkətinin silahlı qiyamında Qərbin əlinin olduğunu istisna etməyib. O , bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları artıq məsələni araşdırmağa başlayıblar.
S.Lavrov bildirib ki, qiyamdan sonra ABŞ-ın Rusiyadakı səfirliyi ilə əlaqə saxlanılıb. ABŞ səfiri isə Vaşinqtonun bu işdə əlinin olmadığını söyləyib.
XİN başçısının fikrincə, iyunun 24-də baş verənlər Rusiya ilə onun dostları arasındakı münasibətlərə təsir etməyəcək.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.
V.Priqojinlə Belarus Prezidenti Aleksanr Lukaşenko arasında telefon danışığı olub və “Vaqner” rəhbəri geri çəkildiyini bildirib.