Rusiyada benzin qıtlığı yarana bilər?  - ŞƏRH

"Bu, təkcə Rusiyada yox, ötən həftədən Qazaxıstanda da başlayıb". 

Bunu "Sherg.az"a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban Rusiyada benzin qıtlığı yarana biləcəyi ilə bağlı iddialardan danışarkən deyib.

O bildirib ki, Qazaxıstanda neftayırma zavodunda qəflətən işıq sönüb və iki zavod təmirə dayanıb:

"Birdən-birə üç zavodun işləməməsi neft və qazın qiymətlərinin artmasına səbəb olub. İndi Rusiyadan idxal etmək istəyirlər. Digər tərəfdən adətən iyun ayında MDB ərazisində yerləşən neftayırma zavodlarını təmirə bağlayırlar. Çünki bu zavodlar ildə bir dəfə texniki baxışdan keçməlidir. Bununla əlaqədar olaraq toplanan ehtiyatlar çatmadıqda qıtlıq olur. Belə vəziyyətdə isə qiymətlər qalxır".
Ekspert əlavə edib ki, hazırda 70-80 ci illərdəki vəziyyət təkrarlanır:

"Yəni dünyada böyük bir qarşıdurma var. Bir tərəfdə İran, Rusiya və Çin, digərində isə kollektiv Qərb. Digər tərəfdən ötən ilin aprelindən Rusiya hökuməti qərar verib ki, neftlə bağlı statistika açıqlanmasın. Həmçinin dünyanın aparıcı informasiya vasitələrinin xəbər başlıqlarına baxsaq, görərik ki, ancaq Qərbin gözü ilə Ukrayna-Rusiya savaşı işıqlandırılır. Əgər siyasi proseslərin işıqlandırılmasında tək tərəfli mövqe varsa, kim qarantiya verə bilər ki, iqtisadiyyatda bu, yoxdur. Hətta "OPEC" Beynəlxalq Enerji Agentliyinin onlara təzyiq etdiyini bildirir. Ümumiyyətlə Beynəlxalq Enerji Agentliyi Qərbin, "OPEC" isə Rusiyanın maraqlarını müdafiə edir. Yəni deyilən rəqəmlər dəqiq olmaya bilər. Məsələn, Rusiyanın Avropanın təmin edən qaz kəmərlərindən biri Türkiyə, digəri isə Ukraynadan keçir. Ukrayna üzərindən çatdırılan həcmlər gündəlik açıqlanır. Lakin Türkiyə üzərindən keçən həcm kommersiya sirridir. Ona görə də açıqlanan rəqəmlərə inanmıram".

Qeyd edək ki, “The Moscow Time” nəşri Rusiyada xam neft və neft məhsullarının xaricə satışına baxmayaraq, benzin qıtlığı yarana biləcəyini yazıb. 

Bildirilib ki, iki milyon ton həcmində ehtiyat sadəcə kağız üzərindədir.

Məlumata görə, benzin bazarı “ideal fırtına” vəziyyətinə düşüb. İlin əvvəlindən bəri Rusiyada benzinin birja qiymətləri 70 faiz artıb və iyunun sonlarına doğru tarixi rekord həddə çatıb.

“Reuters” isə yazır ki, hökumət ölkədə benzin istehsalının artdığını iddia etsə də, əslində topdansatış bazarında nəzərəçarpacaq dərəcədə qıtlıq hiss olunur.