"Kreml işğal etdiyi heç bir ərazini vermək istəmir. Lakin situasiya elə yaranıb ki, Rusiya həddindən artıq zəifləyib və geri çəkilməyə məcburdur".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli Rusiya-Ukrayna savaşından danışarkən deyib:
O söyləyib ki, Ukraynanın bundan sonrakı istiqaməti daha çox Krımın geri qaytarılması üzərinə aparılacaq:
"Yəqin bu Krım və Rusiya arasındakı quru əlaqələrinin kəsilməsinə gətirib çıxaracaq. Bundan sonra isə Dombaskın azad olunması daha da asanlaşacaq. Yəni hadisələr Moskvanın istəyi üzrə yox, məcburiyyətindən irəli gəlir. Böyük ehtimalla irəlidəki aylarda Rusiyanın daha məğlub vəziyyətə düşəcəyinin şahidi olacağıq. Çünki hazırda Şimal qonşumuzun iqtisadiyyatının çökmə prosesi sürətlənib və rubl mövqelərini dollara təslim edib. Hətta artıq maliyyə rezervlərinin xərclənməsinə başlanılıb. Təkcə son iki ay ərzində ehtiyat fondundan savaşa 120 milyarda yaxın pul xərclənib. Yəni Rusiyanın büdcəsində ciddi kəsrlər var. Həmçinin hərbi xərclərdən başqa sahələrə ayrılan maliyyə vəsaiti də azaldılır. Bu isə yaxın gələcəkdə Kremli sosial-iqtisadi böhran gözləməsi deməkdir".
Analitikin sözlərinə görə Rusiya savaşın xərclərini ödəmək üçün vətəndaşlarının boğazından kəsir:
"Digər tərəfdən Kreml müharibə başladıqdan bu yana təkcə 2500 tank itirib. Onun isə il ərzində cəmi 200 tank istehsal etmək gücü var. Bu o deməkdir ki, Rusiya itirdiyi tankları təxminən 10-15 il ərzində istehsal edə bilər. Yəni beynəlxalq ekspertlərin gəldiyi rəy Rusiya ordusunun döyüş qabiliyyətini il yarım ərzində təxminən 50 faizini itirdiyindən ibarətdir. Belə vəziyyət isə Şimal qonşumuzun işğal etdiyi əraziləri nəzarətdə saxlamaq şansı inandırıcı görünmür. Böyük ehtimalla yaxın zamanda onlar üçün son mərhələ başlayacaq və Rusiya nüvə silahından istifadə etmək məsələsini gündəmə gətirəcək. Ona görə ki, əlində başqa müqavimət mexanizmi qalmayıb. Zənnimcə Kreml özünü xilas etmək və Qərbi şantaj etmək üçün Ukraynadakı atom elektrik stansiyalarından birini vuracaq. Əgər bu da təsir göstərməsə, növbəti mərhələdə Şərqi və Mərkəzi Avropa ölkələrinə qarşı nüvə silahından istifadə edilə bilər. Ancaq nüvəsiz savaşda Rusiyanın məğlub olacağı heç kəsdə şübhə doğurmur".
Qeyd edək ki, ukraynalı hərbi ekspert Petr Çernik deyib Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində uğurları səbəbindən cənubda mövqelərini zəiflədə biləcəyini deyib.
Çernik bildirib ki, Rusiya üçün cənubda qalmaqdansa, Ukraynanın şərqinə nəzarəti saxlamaq daha vacibdir:
"Strateji mənada rus işğalçı qoşunları cənubu tərk etməyə hazırdır. Əks halda, Perekopda xətti tutmağa hazırlaşmazdılar".
O hesab edir ki, cənubu itirmək, lakin şərqi saxlamaq ruslar üçün Baxmut və Donbasın digər şəhərlərini itirməkdən qat-qat kiçik məğlubiyyət olacaq.