Əkiz pandalar doğuldu

Güney Koreya onları Çinlə birlikdə böyüdəcək

Güney Koreyada çoxdan gözlənilən hadisə baş verib.  Ana panda Hua Ni Güney Koreyanın Everland əyləncə parkında əkiz balalarını dünyaya gətirib. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Çin Nəhəng Panda Qoruma və Araşdırma Mərkəzinin məlumatına görə, əkizlər bu il dünyaya gəlmiş ilk panda balalarıdır. Balalardan biri 180 qram, digəri isə 140 qramdır. Ana panda və balaların səhhətinin yaxşı olduğu bildirilir. 

Ana pandanın 9 yaşı var. O, 10 yaşlı erkək panda ilə təbii şəraitdə cütləşib. Onlar 2016-cı ildə Güney Koreyaya gətiriliblər. 2020-ci ildə ilk bala dünyaya gəlib. Hər iki ölkə pandaların sağlam şəkildə böyümələri üçün birgə əməkdaşlıq edəcək. Panda balalarına ad verilməsi üçünsə koreyalılara müraciət ediləcək. 

Panda balaları artıq ölkənin sevimlisinə çevriliblər. Qeyd edilir ki, 2018-ci ildə ABŞ-də və Çində, 2019-cu ildə isə Almaniyada panda balaları dünyaya gəlib.