Sahildə dəmir parçası  - Nə olduğu bilinmir

Zahirən polad çənə bənzəyən böyük dəmir parçası Avstraliyanın qərb sahillərində qalmaqdadır. Dəmir parçası Perth şəhərindən 250 kilometr cənubdakı “Green Head” çimərliyində sahil kənarında aşkarlanıb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, onu görənlər şəhər polisini məlumatlandırıb, hadisə yerinə gələn polislər dəmir əşyanın mahiyyəti aşkarlansın və ətrafdakılara zərər dəyməsin deyə, əhalinin yaxınlaşmamasnı tövsiyə edib. Əşyanın ətrafı xüsusi lentlərlə əhatələnib. 

Dəmir əşyanın eni 2 metr, uzunluğu təxminən 3 metrdir. Yerli polisin açıqlamasında sahildə aşkarlanmış dəmir parçanın mahiyyətinin müəyyənləşməsi üçün əyalət və federal hökumətlə əlaqəli qurumlarla birgə çalışma aparıldığı bildirilib:

 “Təhlükəli ola biləcəyini düşündüyümüz bu əşyadan uzaq durun, ona toxunmayın”. 

 Bununla belə sakinlər bu əşya ilə maraqlanır və bir çox insan sahilə gedərək ona baxmağa çalışır. Ortaya atılan iddialardan biri bu dəmir parçasının 8 mart 2014-cü ildə Malayziyanın paytaxtı Kuala-Lampurdan Çinin paytaxtı Pekinə uçan və sirli bir şəkildə yoxa çıxan Malayziya hava Yollarına məxsus Boeing 777 təyyarəsinə aid olmasıdır. Bu iddiaya səbəbsə sözügedən təyyarənin məhz  Avstraliya sahillərinə yaxın ərazidə radarlardan itməsidir. 

 Başqa bir iddia isə dəmir parçasının 2014-cü ildə 239 sərnişinlə Avstraliyanın qərb sahillərində itən MH-370 təyyarəsinə aid olmasıdır. Havaçılıq mütəxəssiləri isə hər iki iddianı rədd edib. Onlar bildirib ki, təyyarələrin radardan itməsindən kifayət qədər uzun müddət keçir, belə bir ölçüdə əşya indiyədək daha çox aşınmaya məruz qalmalıydı. Lakin bu dəmir əşya aşınmaya məruz qalmayıb. Onun son 12 ayda Hind Okeanına düşən raketin yanacaq çəni  olması ehtimalı daha böyükdür. Avstraliya polisi araşdırmaları davam etdirir.