Taliban idarəçiliyinin ikinci ilini qeyd edib

Əfqanıstanda 2021-ci il avqustun 15-də paytaxt Kabilə daxil olan və ölkədə hökmranlıq edən Taliban idarəçiliyinin ikinci ilini qeyd etdi.

"Sherg.az" xarici KİV-ə istinadən xəbər verir ki, başda Kabil, Herat, Məzari Şərif və Qəndəhar olmaqla ölkənin müxtəlif şəhərlərində Taliban qüvvələri silah və hərbi maşınlarla şəhər turu təşkil edərək xalqı salamlayıb. Taliban üzvləri tez-tez Talibanın lehinə və ABŞ əleyhinə şüarlar səsləndiriblər.

Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində Taliban üçün simvolik əhəmiyyətə malik hərbi parad keçirilib.
Kabildə Taliban konvoyları keçmiş ABŞ səfirliyinin qarşısındakı Məsud keçidindən şəhər turuna çıxıb və bütün paytaxtı gəziblər.

Digər tərəfdən Əfqanıstandan və Əfqanıstandan kənarda olan bəzi müxalif qadınlar qrup halında Talibana etiraz edərək, onlara qarşı qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb ediblər.

Qeyd edək ki , Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə Taliban arasında davam edən danışıqların nəticəsiz qalmasından sonra 2021-ci ilin yayında tərəflər arasında qarşıdurmalar daha da şiddətlənmişdi. Buna paralel olaraq ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələrinin Əfqanıstanı tərk etməsi sürətlənmiş və avqustun 15-də Taliban paytaxt Kabilə daxil olmuşdu.
Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etdikdən sonra Taliban Əfqanıstanda hakimiyyəti ələ almışdı.