ABŞ-ın “bədəlini ödəyəcək” xəbərdarlığına baxmayaraq, Şimali Koreya lideri Kim Çen In zirehli qatarla Rusiyaya gedib. Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kim Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Vaşinqton hesab edir ki, səfərin məqsədi Şimali Koreyanın Rusiyaya silah dəstəyidir.
Bildirilib ki, Kim Rusiyaya getmək üçün bazar günü günortadan sonra zirehli qatarında Pxenyanı tərk edib.
Qatar Rusiyaya çatarkən Şimali Koreya liderini hökumət və silahlı qüvvələrin yüksək vəzifəli şəxsləri müşayiət edib.
Liderlər regional və qlobal məsələləri müzakirə edəcəklər. Lakin görüşün yeri və vaxtı barədə dəqiq məlumat yoxdur. Görüşdən sonra mətbuat konfransı planlaşdırılmır.
Kremlin sözçüsü Dmitri Peskov, Amerika administrasiyasının xəbərdarlıqları üzərinə, "Qonşularımızla münasibətlərimizi qurarkən Vaşinqtonun xəbərdarlıqlarına deyil, iki ölkənin maraqlarına diqqət yetiririk" deyə bəyanat verib.
Vaşinqtonun məlumatına görə, görüşün gündəmində Şimali Koreyanın Moskvaya silah dəstəyi var. Şimali Koreyaya Rusiyaya silah tədarük etməməsi barədə "xəbərdarlıq etdiklərini" ifadə edən ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Jake Sullivan, Pxenyan rəhbərliyini silah satışı istiqamətində atdığı addımlardan çəkindirmək üçün imkanları dəyərləndirməyə davam edəcəklərini bildirib.
Kim sonuncu dəfə 2019-cu ildə Rusiyaya səfər edib və Putinlə Vladivostokda görüşüb.
Kimdən əvvəl Şimali Koreyanın lideri olan atası Kim Çen İr təyyarə fobiyası səbəbindən 17 illik fəaliyyəti dövründə həmişə qatarla səyahət edirdi.
Çin və Rusiyaya qatarla səyahət edən ata Kim 2011-ci ildə qatarda səfərdə olarkən infarkt keçirərək dünyasını dəyişib.