Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan Skopyedə görüşüb.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı bildirilib ki, Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır.
Tərəflər həmçinin, İrəvan, Moskva və Bakının iştirakı ilə bağlanmış üçtərəfli sazişlərin həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında mümkün sülh barədə fikir mübadiləsi aparıblar.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama veren politoloq İlqar Vəlizadə söyləyib ki, regionda gedən prosesləri izləyərək Ermənistan və Rusiya dialoqunda yaranmış problemlərlə bağlı fikir mübadiləsi aparıldığını demək olar:
"Eyni zamanda regionda gedən hadisələrlə əlaqəli Azərbaycan Ermənistan münasibətlərinə toxunublar. Bu gün sərhəddə Azərbaycan və Ermənistan tərəfindən sərhədlə bağlı komissiyalar görüşüb. Ola bilsin ki, həmin komissiya ilə bağlı da fikir mübadiləsi aparılıb. Digər tərəfdən bu görüş heç nəyi həll etmir. Çünki xarici işlər nazirləri sadəcə olaraq fikir mübadiləsi edə bilərlər. Sonuncu belə görüş "3+2" formatında Tehranda baş tutmuşdu.
Ermənistan tərəfi Rusiya ilə digər meydançalarda görüşdən imtina edir. Baş nazirlərin görüşü zamanı bunun pərbasından da söhbət gedə bilər. Ən yüksək səviyyədə Vladimir Putin və Nikol Paşinyan arasında Avrasiya İttifaqının iclası olmalıdır. Buraya Nikol Paşinyanın qatılma ehtimalı var. Çox güman ki, bununla bağlı da görüş zamanı müzakirələr aparılıb. Amma həmin görüşdən hansısa həll edici addımlar gözləmək olmaz".