Ermənistanda insanlara sərbəst şəkildə silah gəzdirməyə icazə veriləcək.
“Report” “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasının deputatı Vilen Qabrielyan bildirib.
O qeyd edib ki, parlamentin müdafiə və təhlükəsizlik komitəsi bununla bağlı müvafiq qərar qəbul edib.
Deputat bildirib ki, məqsəd korrupsiya təzahürlərinin aradan qaldırılması, qanunsuz silahların sayının azaldılması və onların tədricən qeyri-qanuni dövriyyədən çıxarılmasıdır.
“Əqli sağlamlığı yerində olan insanlar müvafiq lisenziyaya sahib olduqdan sonra odlu silah gəzdirə biləcəklər”, - V. Qabrielyan söyləyib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Ərəstun Oruclu söyləyib ki, artıq Nikol Paşinyanın partiyasında anlayırlar ki, Rusiya Ermənistanda silahlı üsyan hazırlaya bilər:
"Ona görə də belə bir qanun qəbul etməklə öz tərəfdarlarını silahlandırmağa çalışırlar. Bu isə faktiki olaraq Ermənistanın vətəndaş müharibəsinə sürüklənməsi deməkdir. Yəni bütün hakimiyyət resursları iqtidarın əlində olduğuna görə həmin silahları ancaq öz tərəfdarlarına verəcək. Bununla da hakimiyyətə yönəlmiş silahlı qiyam, üsyan cəhdinin qarşısını almış olacaqlar. Eyni zamanda silahı qanunlaşdırıb insanlara verməklə göstərəcəklər ki, onlar özlərini qorumaqda israrlıdırlar. Bu məsələ daha çox daxili siyasətə hesablanmış addıma oxşayır".