Ermənistan Prezidenti Vaaqn Xaçatryan Argentinada Ukrayna Prezidenti Valdimir Zelenski ilə görüşüb.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilib ki, görüş Argentina Prezidenti Xavyer Mileyin andiçmə mərasimi çərçivəsində baş tutub.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən siyasi şərhçi Elmir Səftərov bildirib ki, Rəsmi İrəvan təhlükəsizlik problemlərini həll etmək üçün müxtəlif platformalara üz tutur. Belə ünvanlardan bir də Ukraynadır:
"Bu səbəbdən də Ermənistan və Ukrayna arasında həyata keçirilən görüşlərin, baş tutan müzakirələrin hansı yeni formatda aparıldığını söyləmək çətindir. Görünən odur ki, Ermənistan və Ukrayna əlaqələrini yeni kontekstdə inkişaf etdirirlər və gələcək üçün əməkdaşlığa zəmin hazırlayırlar. Hazırkı tendensiyaları, xüsusilə də gözlənilməz situasiyaları nəzərə alan Ermənistan Qərbə meyilləndiyi üçün Ukraynadan da istifadə etməyə çalışır. Eyni zamanda, Ermənistan bugünkü beynəlxalq vəziyyətdən və regionda həll olunmamış münaqişələrdən irəli gələn riskləri çoxtərəfli diplomatiya ilə idarə etməkdə qərarlı görünür. Ermənistanın təhlükəsizlik problemlərinin həllinə yönəlik Rusiya ilə əməkdaşlığı olsa da, İrəvan müasir dünyada Qərb platformalarında da yaxından iştirak etməyə ehtiyac duyur. Bu da İrəvanın əhatə dairəsini genişləndirmək məqsədləri sırasındadır.
Bundan əlavə, Ukrayna və Ermənistan Avropaya inteqrasiya məsələlərində və Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində də əlaqələrini dərinləşdirir".