ABŞ-ın bir neçə müttəfiqi, o cümlədən Avstraliya, Yaponiya və Kanada öz mövqelərini dəyişərək, BMT-nin Qəzzada atəşkəslə bağlı qətnaməsinin qəbuluna səs veriblər.
Bu barədə “Vaşinqton Post” məlumat yayıb.
“ABŞ və İsrailin sadiq müttəfiqləri fələstinli mülki əhali arasında itkilərin artması, artan ictimai etirazlar səbəbiylə fikirlərini dəyişdilər. Səsvermənin nəticələri ABŞ-ın demək olar ki, tam təcrid olunduğunu göstərdi. Qərb hökumətləri ümumilikdə İsraili dəstəkləsələr də, bu ölkələrdə ictimai rəy dəyişir”, - ABŞ-ın Kolumbiya Universitetinin professoru Rəşid Xalidi nəşrə açıqlamasında deyib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Sovet Birliyinin və Şərqi Avropadakı digər sosialist imperiyaların çökməsindən sonra təlatümlü dünya yaranıb:
"Bu proses isə artıq dəyişməkdədir. Çinin yüksəlişi, Rusiyanın yenidən hərbi sahədə güclənməsi, İrandakı molla rejiminin devrilə bilməməsi və Türkiyənin Qərb tərəfdaşlığından daha çox tarixi milli maraqlara önəm verməsi həmin prosesi dəyişməyə doğru aparan amillərdir. İndi isə ABŞ-nin müttəfiqləri də yüksəlməkdə olan güclərin Amerikaya qarşı addımlar atması fonunda öz milli maraqlarını düşünürlər. Avstraliya, Yaponiya və Rusiya, Çin ilə dəniz vasitəsilə sərhədləri olan ölkələrdir. Buna görə də onlar hərşeyi öz milli maraqlarından yola çıxaraq dəqiq hesablayırlar. Bu ölkələr fikirləşir ki, əgər yeni dünyaya keçid tam şəkildə baş verəcəksə, onlar niyə təkcə Amerika tərəfdaşlığı nöqteyi-nəzərdən çıxış etməlidirlər? Çünki yeni dünyada tərəfdaş sayı çox olan ölkələr daha çox üstünlük əldə edəcəklər".
Analitik qeyd edib ki, Qəzza bölgəsində hümanitar böhran yaşanır:
"Düzdür, İsrail tərəfi HƏMAS-ı məhv etmək üçün iddia etdiyi hüquqlara malikdir. Buna Fələstinin hüquqlarını müdafiə edən ölkələr də qarşı gəlmir. Çünki həqiqətən də HƏMAS-ın etdiyi yanlış addım idi. Amma bundan sonra İsrail tərəfinin atdığı addımlar da normal qarşılanmamalıdır. Bu günə qədər dağıntılar altından daha çox uşaq cəsədləri çıxır. Bu isə insanlıq və beynəlxalq hüquq baxımından dünyada xoş qarşılanmır. Adıçəkilən ölkələr də dünya daxilində formalaşan ictimai fikirləri nəzərə alırlar. Bu gün mübarizələr tək hərbi və siyasi yolla aparılmır. Bunun beynəlxalq bir tərəfi də var. Bir tərəf həmişə özünü beynəlxalq ictimaiyyətə yaxşı təqdim etmək məcburiyyətindədir. Çünki beynəlxalq hüquq hazırda dövlətlər arasında əsas nizamlayıcı vasitələrdən biri kimi çıxış edir. Ona görə də Avstriya, Yaponiya və Amerikanın digər tərəfdaş ölkələrində də beynəlxalq hüququn nəzərə alınması ön plana çıxır. Həmin ölkələr çalışırlar ki, İsrail və ABŞ atdığı əməli addımlarda onları çətin vəziyyətdə qoymasınlar. İndiki vəziyyətdə Amerika öz müttəfiqlərinə qarşı hansısa adekvat sərt cavab verə bilməz. Çünki ABŞ Rusiya, İran, Çin, Braziliya və Cənubi Afrika kimi ölkələrlə müəyyən qədər çəkişmələr yaşayır. Belə olan halda Amerika həmin ölkələrin haqlı olduğu məsələlərdə onların istəklərini doğrultmalıdır. Yeni dünya nizamında təklənməmək üçün gələcəkdə ABŞ və İsrail bölgədə sivillərin yaşamasına daha çox üstünlük verəcək".
Qeyd edək ki, BMT Baş Assambleyası Misir və Mavritaniyanın Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələbi ilə təqdim etdiyi qətnaməni qəbul etmək üçün səsvermə keçirmişdi. 153 dövlət sənədin lehinə, İsrail və ABŞ daxil olmaqla 10 ölkə əleyhinə səs verib.