Belqraddakı iğtişaşların arxasında kollektiv Qərb dayanır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, kollektiv Qərbin “maydan çevrilişləri” üsullarından istifadə edərək ölkədəki vəziyyəti sarsıtmaq cəhdləri göz qabağındadır.
Zaxarova vurğulayıb ki, vəziyyətə yeganə mümkün reaksiya konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən serb xalqının seçiminə hörmət etməkdir.
Zaxarovanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a söyləyib ki, Kollektiv Qərbin belə cəhdlər etməsi mümkündür:
"Çünki bu cür dövlət çevrilişlərinə Ukrayna, Gürcüstan, Ermənistan və digər ölkələrdə də cəhdlər göstərilib. Bunlardan bəziləri uğurlu olub, bəziləri isə müsbət nəticə verməyib. İstər Avropa İttifaqı, istərsə də bütövlükdə kollektiv Qərb adlandıra biləcəyimiz ölkələr Serbiyada hakimiyyət çevrilişinə və hazırkı Prezidentin devrilməsində maraqlı görünürlər. Ona görə də müxalifət qüvvələrini fəallaşdırıblar və ölkədə iğtişaşlar müşahidə olunur. Kollektiv Qərbi isə bu iğtişaşlar zamanı baş verəcək problemlər narahat etmir. Ukrayna dövlətində də onlar, Zelenskini qızışdıraraq Rusiyanın qabağına yem kimi atdılar. İndi də Serbiyada müxalifəti hakimiyyətə qarşı çıxmağa, Konistitusion quruluşda dəyişiklik etməyə sövq edirlər. Bunun nəticələrinin nə dərəcədə uğurlu olacağını söyləmək üçün hadisələrin gedişatı önəmlidir. Hazırkı Serbiya Prezidentinin bu məsələlərdə tezliklə geri çəkiləcəyinə və müxalifətin tələblərinə boyun əyəcəyinə inanmaq olmur. Rusiyanın və başqa dövlətlərin bu məsələdə Serbiyaya hakimiyyətinə dəstək verməsi gözləniləndir. Ümimiyyətlə hakimiyyət dəyişikliyinə zorakı yollarla çağırışlar etmək gərginliyi artıran məqamlardan biridir".