Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Böyük Britaniyanın xarici işlər naziri David Kemeronla görüşüb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, görüşmə sırasında müzakirə edilən təməl mövzulardan biri də Qəzza və Fələstin dövlətinin gələcəyidir:
"İkinci ən əsas məsələ isə Qara dənizdə təhlükəsizlik mövzusudur. Amerika Birləşmiş Ştatları və Qərb ölkələri, həmçinin NATO son günlərdə Qara dənizə qarşı maraqlarını artırıblar. Türkiyə Qara dənizdə əsas ölkə mövqeyindədir. Ancaq üçüncü ölkələrin deyil, Qara dəniz məsələsində sahilyanı dövlətlər ilə həmsöhbət olunmalı olduğunu düşünürəm. Digər tərəfdən görüş zamanı Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsi də müzakirə edilə bilər. Əsas məsələ isə hərbi sahədə iş birliyidir. Türkiyə, İngiltərənin təyyarə motoru və bəzi müdafiə vasitələrini ortaq istehsal etmək məsələsi də görüş zamanı müzakirə oluna bilər. Eyni zamanda Türkiyədə nüvə və elektron enerjisinin yaradılmasında da İngiltərə çox istəklidir. Xüsusilə də Rolls-Royce şirkətinin bu mövzuda səyləri və tələbləri var".