AŞPA-nın viza qərarı: Ermənilərin kütləvi köçü ola bilər -Şərh

Avropa Parlamenti gələn həftə plenar iclasda Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair qətnaməni müzakirə edəcək.Bbu barədə Almaniyadan olan deputat Viola fon Kramon məlumat verib.
“Əgər biz viza proqramı və ya liberallaşdırma tədbirləri ilə irəliləsək, bu, ticarət və bazarlarımızın liberallaşdırılması baxımından da insanlar üçün nəzərəçarpacaq hadisə olacaq”, - o qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqına üzv olan bəzi ölkələrin Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı ciddi narahatlıqları var.

Violanın fikirlərinə münasibət bildirən politoloq Cümşüd Nuriyev “Sherg.az”a deyib ki, Avropa Parlamentinin Ermənistanla bağlı qəbul edəcəyi qərar bölgədə yeni hadisələrə təkan verəcək: 
“Onsuz da Ermənistanda heç kim qalmaq istəmir. Əgər viza rejiminin liberallaşdırılması baş tutsa, nə qədər erməni var hamısı Avropaya xüsusilədə Fransaya gedəcək. Avropa Parlamenti bu qərara görə sonradan peşman olacaqlarını başa düşmür. Qərarın qəbul olunması üçün çox çalışırlar və bununla da Ermənistanı Avropaya yaxınlaşdırmağı düşünürlər”. 

Ekspert söyləyib ki, Rusiyanın bununla bağlı reaksiyası çox mənfi olacaq: 
“Nəzərə alsaq ki, martın 17-də Rusiyada Prezident seçkiləri baş tutacaq, Vladimir Putinə siyasi gedişlər etmək lazımdır. Yəni Rusiya Ukraynanı Ermənistanla əvəz edə bilər. Eyni zamanda Ermənistan dövlət səviyyəsində Zvartnots Beynəlxalq Hava Limanından rus sərhədçilərinin çıxarılması ilə bağlı qərar qəbul edib. Digər tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Ermənistanın normal dövlət siyasəti yoxdur. Rusiya isə indiyə qədər Ermənistanı dəstəklədiyinə görə çox peşmandır. Rusiya Zvartnotsdan sərhədçilərin çıxarılması məsələsinə görə Ermənistanı ciddi şəkildə cəzalandıracaq”.