Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyənin son aylardakı xarici siyasət addımlarını şərh edib.
Mümkün müharibə məsələsinə toxunan Dendias az qala “mən milli suverenliyimiz üçün çalışıram” demişdi.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən iki böyük zəlzələdən əvvəl Türkiyə-Yunanıstan münasibətlərində gərginlik pik həddə idi. Fəlakətə ilk yardımı göndərən ölkələrdən biri də Yunanıstan olub. İş o yerə çatıb ki, baş nazir Mitsotakis türkcə tvit ataraq Türkiyənin yanında olduqlarını göstərib. Sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu və həmkarı Nikos Dendiasın yaxın təmasları ilə iki ölkə arasında buzlar sürətlə əridi. Bu müddət ərzində prezident Ərdoğan müxtəlif zirvələrdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə tez-tez görüşüb.
Yunanıstanın müdafiə naziri Nikos Dendias “Afinanın səsi” platformasına verdiyi açıqlamalarda mümkün Yunan-Türkiyə müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
O bildirib ki, Türkiyənin sərt siyasətlərinin səviyyəsini aşağı saldığını, lakin bölgədəki planlarını dəyişmədiyini ifadə edən Dendias davam edib:
"Çox narahatam, təxminən 100 milyon əhalisi olan bir ölkə yanımızda bizə qarşı planlar qurur. Mən milli suverenliyimizi qorumaq üçün çalışıram.
Egeydəki Türk Navteksləri hələ də davam edir. Türklər ikinci döyüş gəmisini tikirlər. Onu niyə tikirlər? Sadəcə Boğazda parad keçirmək, yoxsa Liviya ilə imzalanan müqavilədən sonra Şərqi Aralıq dənizində tam üstünlük yaratmaq? Mümkün bir müharibədə Fransa və ABŞ-dan gələn yardımı unudun.
İştirak etdiyi proqramda yerli layihələrə dəstək vermədiyi üçün tənqid edilən və Türkiyənin 5-ci nəsil KAAN döyüş təyyarəsinin ilk uçuşunun reallaşdığını xatırladan Dendias, "Hələ o səviyyədə deyilik. Qarşımızda problemlər var. Bunları həll edə bilsək, türklərin səviyyəsinə çatarıq”-deyə bildirib.
Rəsmi Afina və Ankara arasındakı münasibətləri “Sherg.az”a şərh edən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Türkiyə bundan 30 il əvvəl Yunanıstan, Bolqarıstan kimi ölkələrlə eyni səviyyədə tutulurdu:
“İndi isə Türkiyə dünyanın nəhəng ölkələri ilə eyni siyahadadır. Bu isə vaxtilə Türkiyəyə meydan oxuyan Yunanıstan kimi balaca ölkələri ciddi narahat edir. Türkiyə əhali, resurs və hərb baxımından güclənir. Eyni zamanda silah eksportu edir və kifayət qədər dünyada tanınır. Yunanıstanın müdafiə nazirinin bu açıqlaması Türkiyənin nə qədər güclü dövlət olduğunun göstəricisidir. Dünya elə bir mərhələdədir ki, hər şeyin olması gözləniləndir. Yəni Yunanıstan Türkiyə savaşı və dünyanın digər yerlərində müxtəlif münaqişələr baş tuta bilər. İndiki məqamda Türkiyəyə qarşı Ağ dənizdə blok formalaşıb. ona görə də Türkiyə onunla müharibə etməyin kiminsə ağlına gəlməyəcəyi qədər güclü olmalıdır”.