Rusiya Prezidenti Vladimir Putin NATO-ya qarşı hərbi təcavüzün hazırlıqlarına başlayıb.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Putinin 26 fevralda verdiyi iki fərmana əsasən, Qərb Hərb Dairəsi ləğv olunur, əvəzində isə Moskva və Leninqrad Hərbi dairələri yaradılır.
“Əvvəllər Qərb Hərbi Dairəsi Rusiyanın Ukrayna, Belarus və Baltikyanı ölkələrlə sərhədini əhatə edirdi. Onun strateji vəzifələrinə müharibə başlayandan sonra Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatlarına nəzarət, habelə NATO ilə mümkün qarşıdurmaya hazırlıq daxil idi. İndi isə Leninqrad Hərbi Dairəsi NATO-nun şimal-şərq sərhədi, Moskva Hərbi Dairəsi isə Ukrayna və Polşanın şimal-şərq hissəsi boyunca yerləşəcək. Bu, Moskvaya eyni vaxtda NATO-ya qarşı mövqe tutmağa və Ukraynada hərbi əməliyyatlara komandanlıq və nəzarəti sadələşdirməyə imkan verəcək”, - hesabatda bildirilib.
İnstitutun analitikləri qeyd edir ki, Putin Finlandiyanın 2023-cü ildə NATO-ya qəbulundan sonra Leninqrad Hərbi Dairəsinin yaradılmasının vacibliyindən danışmışdı:
“Leninqrad və Moskva Hərbi dairələrinin bərpası qısa və ortamüddətli perspektivdə Rusiyanın Ukraynadakı əməliyyatları üzərində nəzarəti gücləndirmək və uzunmüddətli perspektivdə NATO-ya qarşı genişmiqyaslı konvensional müharibəyə hazırlaşmaq kimi paralel məqsədlərə cavab verir”.
Mövzu ilə bağlı “Sherg.az”a bildirən tanınmış jurnalist, politoloq Fuad Abbasov söyləyib ki, Putinin NATO ilə bağlı aldığı qərarlar Stalin və Hitler arasında imzalanmış Molotov-Ribbentrop müqaviləsinin ləğv olunmasını xatırladır:
“Həmin dönəmdə heç kim hücum etməmək paktından sonra Almaniyanın Sovet İttifaqına hücum etməsini gözləmirdi. Amma hücum reallaşdı və Almaniya məğlub oldu. Ümumiyyətlə həmin savaş olduğu zamanlar Stalinin müharibəyə daha çox maraqlı olduğunu vurğulayırdılar. Nəticə etibarilə Almaniyanın Sovet İttifaqına hücum etməsi Stalinin planlarını həyata keçirmiş oldu. Bu gün də Rusiyanın Ukraynada müharibə başlatmasının başlıca səbəbi Qarbaçovun dövründə NATO və Amerika daxil olmaqla Qərb tərəfindən Rusiyaya verilən sözlərin tutulmamasının qarşılığıdır. Putinin dediyinə görə Qərb Rusiyaya NATO-nun genişlənməyəcəyi ilə bağlı söz verib, amma tutmayıb. Əgər doğrudanda Qərb Rusiyaya qarşı vahid cəbhə meydana gətirsə, mütləq şəkildə Şimal qonşumuz buna ən sərt yöntəmlə cavab verəcək. Bu isə Ukrayna müharibəsinin genişlənərək Qərb və Rusiya qarşıdurmasının yaranmasına çıxaracaq”.
F. Abbasov, həmçinin qeyd edib ki, vaxtilə nüvə başlıqlarını Kubaya yerləşdirən Sovet İttifaqı Amerika ilə müharibə edəcək səviyyəyə gəlmişdi:
“İndi də Rusiyanın Kubayla ciddi şəkildə yaxınlaşdığını görünür. Yəni Rusiya yenə nüvə başlıqlarını Kubada yerləşdirməklə Amerikaya qarşı istifadə edə bilər. Eyni zamanda Rusiya Venesuela ilə Çar dövründən bu yana yüksək əlaqələr qurub. Rusiyanın Venesuela torpaqlarından Amerikaya qarşı istifadə etmək şansı var. Bütün bunlar isə Rusiyanın Sovet İttifaqının dağılmasından sonra itirdiyi məğlubiyyəti bərba etməsi üçün atdığı real addımlardır”.