Makronun biabırçı açıqlaması: Fransalı dünya liderliyi iddiasına düşüb

Fransa Prezidenti Emmanuel Makronun NATO hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı açıqlamaları Kiyevin vəziyyətini daha da pisləşdirib.
Bu barədə “Politico” nəşri yazıb.
Nəşrin sözlərinə görə, Fransa rəhbəri siyasi karyerasında dəfələrlə bəyanatlar verib və sonradan bir sıra bəyanatlardan geri çəkilmək məcburiyyətində qalıb.
NATO və Avropa İttifaqına (Aİ) üzv ölkələrin hərbçilərinin Ukraynaya göndəriləcəyinin mümkünlüyü barədə Makronun səsləndirdiyi bəyanat onun tərəfdaşlarında, eləcə də Ukraynadakı hadisələrin gedişatından daha çox narahat olmağa başlayan Avropa ictimaiyyətində anlaşılmazlıq yaradıb.
Həmçinin qeyd olunub ki, Kiyevə dəstəyi davam etdirməyə bütün Avropa ölkələri liderlərini razı salmaq üçün kollektiv güc tələb olunacaq, çünki Ukraynaya qoşun yeritmək ideyasını təbliğ etmək cəhdləri Kiyevə yardım etməkdən imtina riskini artıracaq.
Buna görə də, nəşrin fikrincə, Kiyev Rusiya ordusuna qarşı ciddi əks-hücum üçün kifayət qədər sayda hərbi personala və sursat ehtiyatına malik olmaması səbəbi ilə çətin vəziyyətdə qalıb və Ukrayna yalnız gələn il vəziyyətin dəyişə biləcəyi ümidi ilə gözləyə bilər.
Xatırladaq ki, Fransa rəhbəri 26 fevral tarixində Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələri ilə Rusiya-Ukrayna münaqişəsində Kiyevə gələcək dəstəyi müzakirə edib.
Görüşdə NATO və Aİ quru qoşunlarının gələcəkdə Ukraynaya göndərilməsinin mümkünlüyü mövzusu qaldırılıb. Makronun sözlərinə görə, görüş iştirakçılar bununla bağlı konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.
Paris görüşünün ardınca iştirakçı ölkələrin əksəriyyətinin nümayəndələri bəyan ediblər ki, onlar Ukraynaya qoşun yeritməyi planlaşdırmırlar və öz hərbçilərinin Rusiyaya qarşı əməliyyatlarda iştirakına razılıq verməyiblər.

Məsələ ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Zeynal Əmiralıyev söyləyib ki, Fransa prezidentinin mövcud açıqlaması şübhəsiz ki, populizmə yönəlib: 
“Fransa sadəcə Qərb blokunda liderliyi ələ almaq istəyir. Emanuel Makrondan qabaq da bu cür təşəbbüsləri olub. Lakin Fransa heç vaxt buna nail ola bilməyib. Nə Avropa, nə də NATO - ya üzv olan ölkələr buna imkan verməyəcək. Heç kim Ukraynaya qoşun göndərmək istəmir. Bu da təbiidir. Çünki Avropanın heç bir ölkəsi Rusiya ilə üz-üzə gəlmək arzusunda deyil. Xüsusilə Rusiya bəyan edib ki, Ukraynaya hansısa dövlət hərbi qüvvə yeritsə, onu yerindəcə məhv edəcək. Bu hal heç bir ölkə üçün arzuedilən deyil. Ona görə Fransa prezidentinin bəyanatı sadəcə özünü təsdiq etmək üçün verilən bir açıqlamadır. Makron hökuməti ölkədəki böhranlarlarla məşğul olmaq əvəzinə dünya liderliyi üçün mübarizəyə qoşulub. Halbuki Fransa da çox ciddi iqdisadi problemlər var. Fermerlərin etirazı fonunda biz bunu gördük”.

Ekspert qeyd edib ki, Fransanın mövcud hökuməti təkcə Ukrayna ilə bağlı yox, Azərbaycanla bağlıdı da eyni cür yanaşma sərgiləyir: 
“Fransanın dünyadakı məsələlərə yaşanması da ədalətli deyil. Keçmişi işğalçı olan bir ölkədən hələ də nəsə ədalət gözləmək də əbəsdir. Bu Ukraynanın özünü də pis vəziyyətdə qoyacaq addımdır. Belə halda Ukraynada vəziyyət daha da  gərginləşə bilər. Makron təşəbbüsü ilə özünə dəstək tapa bilmədi. Bu bir daha Fransa prezidentinin nə qədər qeyri-ciddi siyasətçi olduğunu nümayiş etdirmiş oldu. Fakt budur ki, Fransa prezidenti öz müttəfiqləri içində, yəni Avropa Birliyi və NATO daxilində də ciddi siyasətçi kimi qəbul edilmir. Belə hadisələr Fransa kimi dövlətin adına utanc vericidir”.


Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli isə bildirib ki, Makronun yanaşması çox biyabırçıdır:

“ Fransa Avropanın qoşunlarını Ukraynaya gətirməklə birbaşa olaraq Rusiyanı zərbə altına atmaq niyyəti güdür. Burada digər məqsəd isə Amerika Birləşmiş Ştatlarının indiki vəziyyətdə arxa plana keçməsi kontekstində Fransanın Avropa libasına bürünməsinə cəhd göstərməkdir. Bunun isə nə qədər uğurlu yanaşma olduğu göz qabağındadır. Ona görə də təklifə digər Avropa İttifaqı dövlətləri tərəfindən ciddi təkziblər gəldi. Yəni Fransanın burada tək olduğunu görmüş olduq. Ona görə də yaxşı olar ki, bu tip məsələlərdə Makron avanturaya əl atmamışdan öncə digər Avropa ölkələrinin maraqlarını da paylaşsın”.