Ermənistanın baş naziri Nikol Paşinyan Misirə iki günlük səfərə gedib.
Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə məlumat paylaşıb.
Paşinyanın səfər çərçivəsində Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə təkbətək görüşəcəyi və daha sonra geniş tərkibdə danışıqların aparılacağı qeyd olunub.
Bundan başqa, Paşinyanın Misirin baş naziri Mustafa Madbuli, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbül Qeyt və bir sıra din xadimləri ilə görüşləri nəzərdə tutulub.
Səfəri “Sherg.az”a dəyərləndirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib ki, Misirlə Ermənistan arasında Sovet Sosialist Respubilikaları İttifaqı (SSRİ) dağıldıqdan sonra əlaqələr intensiv olmayıb:
“1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Misirdir. Həmçinin Misir 21 əsrin əvvəllərində ermənilərin köç etdiyi ölkələr sırasındadır. Misirin hərbi yolla devrilmiş Prezdenti Məhəmməd Mursinin hakimiyyəti dövründə "Erməniləri kim öldürüb?" adlı erməni saxtakarlığına dair "sənədli film" yayılmışdı. Ermənilər Misirdə uydurduqları saxta genosit iddialarının qəbul ediləcəyini düşünürdülər. 2019-cu ildə Əbdülfəttah əs-Sisi erməni soyqırımını işarə edərək bunu qətliam kimi adlandırmışdı. Ermənistan və Misir arasında ticarət bağları mövcud deyil. Amma iki ölkə arasında tarixi xəttinin olduğu istisna edilmir. Türkiyə, Misir, Azərbaycan əlaqələri fonunda Ermənistanın da Misirlə münasibətləri normallaşdırması prespektivdə İrəvanın regional əməkdaşlıqda Qahirə, Ankara və Bakı ilə iştirak etmək ehtimalını artırır”.
Ekspert qeyd edib ki, Ermənistan Misirlə turizm sahəsində əməkdaşlığı genişləndirməyə çalışır:
“Misir də öz növbəsində regionda maraqları üçün Ermənistandan istifadə edə bilər. Paşinyan höküməti Amerika Birləşmiş Ştatları ilə Misir müttəviq olduğuna görə ona yaxınlaşır. Yəni müsəlman dünyasında özünə ABŞ-ın dostu timsalında Misiri dayaq olaraq görür. İraq, Suriya, İran və Səudiyyə Ərəbistanı hələ Ermənistanı qane etmir. Məsələn, Səudiyyə Ərəbistanı Ermənistanın müstəqilliyini tanısa da, onunla diplomatik əlaqələri uzun müddət qurmayıb və işğalçı dövlət adlandırıb. Doğrudur, Misir də İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər qurumlarda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi mövqeyindən çıxış edib. İndi isə torpaqlar işğalçılardan tamamilə təmizlənib. Ona görə də həmin problem mövcud olmadığına görə Ermənistan Misirlə əlaqələr qurmağa çalışır”.