Kreml Haaqa tribunalının rusiyalı hərbçilərin həbsinə order verməsinə münasibət bildirib

Moskva Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa tribunalı) Rusiya hərbi rəhbərlərinin həbsinə order verən qərarını tanımır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz statutun (Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu-red) tərəfləri deyilik. Biz bunu tanımırıq. Bu, ilk qərar deyil. Bilirik ki, orada gizli saxlanılan müxtəlif qapalı proseslər də gedir. Biz bu cür qərarlara müvafiq şəkildə yanaşırıq", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı vəziyyət kontekstində Rusiya Hava Kosmik Qüvvələrinin uzaqmənzilli aviasiya komandiri Sergey Kobılaş və Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun həbsinə orderlər verib. Məhkəmə onları hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edir. İnstansiya iddia edir ki, Kobılaş və Sokolovun ən azı 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək Ukraynanın elektrik enerjisi infrastrukturuna həyata keçirdiyi raket hücumlarına görə məsuliyyət daşıdıqlarına dair ağlabatan əsaslar var.