Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsindən istefa verən Edmon Marukyan bu addımını “xarici məsələlərdə fikir ayrılığı” ilə izah etsə də, söhbətin konkret hansı məsələlərdən getdiyini açıqlamayıb. Ermənistan mediası Marukyanın gedişinin Azərbaycanla bağlı olduğunu yazır.
“Joxovurd” qəzeti Marukyanın istefasının detallarını əldə edib.
Qəzet yazır ki, Marukyan Paşinyanın sülh gündəminin tamamilə iflasa uğradığını düşünür: “O, bu məsələni birbaşa Paşinyanın özü qarşısında qaldırıb. Bildirib ki, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirir. Marukyan ətrafına deyib ki, onun istefasının səbəblərindən biri də Ermənistanın Azərbaycanın növbəti tələbini yerinə yetirməsi olub.
Söhbət Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı bütün iddiaları geri götürməsindən gedir. Razılaşmaya görə, iddiaların geri çəkilməsi qarşılqlı şəkildə olmalı idi, lakin Azərbaycan heç bir addım atmayıb, Ermənistan isə bunu yerinə yetirir”.
Qəzet qeyd edir ki, Marukyanın gedişinin səbəblərindən biri də Xocalı soyqırımı ilə bağlı yazdığı tvitlərindən biri olub.
“Ararat Mirzoyan buna görə Edmon Marukayana töhmət verib və belə fikirlər paylaşmağı qadağan edib”, - nəşr yazır.
Marukyanın istefasının detalları barədə “Sherg.az”a danışan politoloq Turan Rzayev söyləyib ki, işğal prosesində birbaşa iştirak edənlərin, Miyatsun hərəkatının başlıca fiqurlarının indiki hakimiyyətlə fikir ayrılığı içərisində olmaları və sülh prosesindən narazı qalmaları təbiidir:
“Paşinyanın bütün hallarda atdığı addımların birmənalı qarşılanmadığı bəllidir. Həmçinin onun əsas neqativ cəhəti xarici təsir dairələrində olmasıdır. Marukyan kimi şəxslər isə mövcud siyasi reallığı qəbul edə bilmirlər. Eyni zamanda siyasi kursun davamını aparmaqda çətinlik çəkirlər. Buna görə də məsuliyyət daşımamaq üçün bu tipli qərarlar verirlər. Amma ümumi mənada demək olar ki, proses narazılıqlardan irəli gələn nəticədir. Sülh gec-tez imzalanmalıdır. Bu gerçəkliyi dərk edən və etməyən siyasilər mövcuddur. Belə olan təqdirdə isə belə istefaların bundan sonra da olacağını demək olar. Ermənistanda sülhə razı və narazı olan revanşist, ultramilliyətçi qüvvələr var. Bu baxımdan fikir ayrılıqları fonunda onların istefa verməsi və yaxud fərqli siyasi qanadlarda birləşməsi normaldır”.