Macarıstanın Baş naziri Viktor Orban 8 mart tarixində ABŞ-nin sabiq Prezidenti Donald Trampla görüşəcək.
Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “RİA Novosti“yə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, görüş Floridada baş tutacaq və tərəflər Ukraynada sülhün bərqərar olması məsələsini müzakirə edəcək.
Siyartonun sözlərinə görə, rəsmi Budapeşt belə hesab edir ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə Ukraynada sülh bərqərar olacaq.
Viktor Orbanın Amerikaya səfərini “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, Macarıstan Avropa İttifaqı (Aİ) və NATO-nun üzvü olsa da, Rusiya Ukrayna müharibəsi başladıqdan sonra kifayət qədər tənqidi mövqedən çıxış edir:
“Macarıstanın yerləşdiyi bölgə buna əsas səbəbdir. Macarıstan geostrateji baxımdan uyğun olmadığı üçün və Rusiyaya qarşı sanksiyaların ölkə iqtisadiyyatına zərər vurması fonunda kollektiv Qərbi tənqid edir. Eyni zamanda rəsmi Budapeşt NATO-nun genişlənməsi, ambisiyalarını həyata keçirməsi, İsveçrə və Finlandiyanın Şimali Atlantika blokuna qoşulması məsələsində də öz mövqeyini tərəddüdlərlə ifade edib. Macarıstan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunda yer alan dövlətdir. Həmçinin Macarıstanın Baş Naziri Viktor Orban bizim regionu yaxşı tanıyır və TDT-nın tədbirlərində fəal çıxışlar edir”.
Ekspert qeyd edib ki, Viktor Orbanın Trampla görüşü mühüm hadisədir:
“Çünki Amerika Birləşmiş Ştatlarında bu il Prezident seçkiləri keçiriləcək. Donald Tramp isə Respubilikaçılar Partiyasından əsas namizəd kimi seçkilərdə iştirak etmək əzmindədir. Kokus və praymerizlərdə Tramp əminliklə irəliləyir. Çox güman ki, payızda keçirilən seçkilərdə onun namizədliyi təsdiqlənəcək. Belə olan halda rəsmi Budapeşt hesab edir ki, Tramp Prezident seçilsə, Ukraynada sülh bərqərar olacaq. Donald Tramp da öz çıxışlarında Baydeni Ukrayna müharibəsində gunahlandırır. Amerikada da bütün məsələlərin xilaskarının Tramp olduğu düşüncəsi mövcuddur. Viktor Orban genişmiqyaslı və uzaqgörən planlar quraraq bu səfəri həyata keçirir”.