Rusiya və Ukraynanın mənəvi müstəvidə yenidən birləşməsi qaçılmazdır.
bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalında çıxışı zamanı deyib.
"Mən əminəm ki, sizin kimi insanların sayəsində, dediyim kimi, gec-tez, ən azı, mənəvi müstəvidə birləşmə baş verəcək. Bu qaçılmazdır", - Putin festivalın iştirakçıları ilə görüşündə bildirib.
Putin vurğulayıb ki, buna mane olan hər şeyi kökündən silmək lazımdır:
“Buna isə millətçiliyin ən iyrənc təzahürləri mane olur. Bu, bu gün Ukrayna da daxil olmaqla, bir çox xalqın həyatını zəhərləyən fəlakətdir".
Putinin çıxışının çox populist olduğunu vurğulayan tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, bu həm də seçki qabağı ritorikadır:
“Ukrayna xalqının adından danışmaq mümkün deyil. Putinin Ukrayna və Rusiyanı mənəvi müstəvidə birləşdirməyə haqqı yoxdur. Çünki Rusiya Prezidentinin başlatdığı müharibə 2 il boyunca təxminən 3000- 5000 insanın ölümünə səbəb olub. Savaş, həmçinin yüzlərlə şəhər və kəndlərin, evlərin, zavodların dağılmasına gətirib çıxarıb və Ukraynanın iqtisadiyyatı çöküb. Hansısa Ukrayna vətəndaşı Rusiyaya mənəvi bağlanmaq sözünü belə eşitmək istəməz. Problemin üzərindən 50 və yaxud 100 il keçdikdən sonra Putinin dediyinə ehtimal ola bilər. Amma Putinin iqtidarda olduğu bir dönəmdə birləşmək kimi hadisənin gündəmə gəlməsi qeyri-mümkündür”.