Qarabağdan dərs aldıq, İrəvanla işləyirik - Dendias

Afina Qarabağ münaqişəsindən çıxarılan dərsləri nəzərə alaraq, İrəvanla əməkdaşlıq edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Yunanıstanın müdafiə naziri Nikos Dendias “Naftemporiki” qəzetinə müsahibəsində deyib.

“Dronlar və əks-dron sistemlərindəki texnoloji inkişafın qlobal miqyasda müharibə aparma tərzimizi dəyişdiyini inkar etmək olmaz. Bu yaxınlarda Ermənistana səfərim zamanı onların müasir döyüş meydanında istifadəsi haqqında ətraflı öyrəndim. Nəzərinizə çatdırım ki, bu ölkə, silahlı qüvvələr kütləvi şəkildə pilotsuz təyyarələrdən, o cümlədən “Bayraqdar”dan istifadə edən bir ordunun hücumuna məruz qalmış ölkədir. Eyni səbəbdən biz Ermənistanla ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişləri çərçivəsində və Qarabağdakı münaqişədən əldə edilmiş dərsləri nəzərə alaraq əməkdaşlıq edəcəyik”, - Dendias bildirib.

O vurğulayıb ki, Yunanıstan bu texnologiyaların əhəmiyyətini dərk edir və yeni ekosistem çərçivəsində bu sahədə öz imkanlarını gücləndirmək üçün fəal işləyir:

“Biz qonşu ölkələrlə bu xüsusi boşluğu aradan qaldırmaq, həmçinin Yunanıstan ərazisini əhatə edən pilotsuz uçuş aparatları əleyhinə günbəz yaratmaq üçün sürətlə çalışacağıq”.

Qeyd edək ki, Yunanıstan Ermənistanın silahlanmasında və regionda gərginliyin artmasında maraqlı ölkələrdən biridir. Bir neçə gün öncə Dendias fransalı həmkarı Lekornunun ardınca İrəvana səfər etmişdi.