Meksikada Popokatepetl vulkanı aktivləşib

Mexikodan 70 km aralıda yerləşən Popokatepetl vulkanı aktivləşərək atmosferə buxar və kül atmağa başlayıb.

Trend-in məlumatına görə, bu barədə Meksika Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi xəbər verib.

"Son 24 saat ərzində 9 püskürmə, həmçinin 1394 dəqiqə yüksək tezlikli və aşağı amplitudalı vulkanik təkan qeydə alınıb", - deyə qeyd olunub.

Məlumata əsasən, vulkanik fəaliyyət su buxarı, kül və müxtəlif qazların atılması ilə müşayiət olunub.

Vulkanoloqlar qeyd edib ki, hazırda təhlükəsiz məsafə vulkanın kraterindən 12 km-dir.