Ermənistanın Fransa güvəni: İrəvan Moskva münasibətləri dalana dirənib

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov Ermənistan Rusiyanın orbitindən çıxacağı halda meydanda tək qalacağı ilə bağlı təhdid edib.  Artıq Ermənistanın Rusiya üçün önəmsiz fiqur olduğunu vurğulayan Kalaşnikov
"Rossiya” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousundakı çıxışında deyib ki,Ermənistan bizə Sovet dövründə NATO, Türkiyə ilə bağlı vacib idi. Siz indi Rusiyadan nə istəyirsiz?
"İndi isə deyirsiz ki, ruslar, rədd olun! Yaxşı, biz getdik, nə edəcəksiniz? İran, Türkiyə, Azərbaycan və Gürcüstanın əhatəsindəsiniz. Hansı Fransadan danışırsız? Onlar ki, ora uçub gələ bilməzlər”.
Yeri gəlmişkən oxşar sözləri bir müddət əvvəl 
erməni hərbi ekspert Hayk Nahapetyan deyib. H. Nahapetyan qeyd etmişdi ki, rəsmi İrəvan 102-ci hərbi bazanı çıxarmaq qərarı versə, bu Ermənistan üçün fəlakətli ola bilər: "Nə fransız, nə də ingilis gəmiləri heç vaxt dağlara çıxmayıb. İndi 102-ci rus hərbi bazası çıxsa və türk qoşunları 1920-ci il dekabrın 2-də imzalanmış Gümrü müqaviləsi çərçivəsində Ermənistanın 10 000 kvadratkilometr ərazisində yerləşsə, necə olacaq? Fransız gəmiləri dağlara çıxmayacaq, ABŞ da elə". 
Yerli ekspertlər də hesab edir ki, regiondan min kilometrlərlə uzaqda olan Fransa Ermənistanı qoruya bilməyəcək.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında deyib ki, Leonid Kalaşnikovun bu mövqeyi Rusiyanın dövlət rəhbərliyində Ermənistanla bağlı narazılığın hansı səviyyədə olduğunu göstərir: 
"Bu ilk deyil ki?! Demək olar ki, hər gün Rusiyanın ən yüksək səviyyəli rəsmilərinin Ermənistanla bağlı narazılıq mesajlarını eşidib, görürük. Ermənistanın hazırkı siyasi hakimiyyətindən narazılıq fraqmental və yaxud ayrı-ayrı şəxslər səviyyəsində deyil, bir növ ümumdövlət Aktına çevrilməyə başlayıb". 

Kalaşnikovun açıqlamasına gəldikdə isə T. İsmayılov qeyd edib ki, onun dediklərində haqlılıq payı var: 
"Fransa öz mənafeyi naminə bütün dəyərlərin üstündən xətt çəkib. İndi də Ermənistanı silahlandırıb, bölgədəki qüvvələr əleyhinə qızışdırsa da, Ermənistan real bir təhlükə ilə üz-üzə qaldığı zaman onu müdafiə edəcək vəziyyətdə deyil. Fransanın Avropanın Mülki Müdafiə Missiyası adı altında Ermənistan ərazilərində Rusiya və İran əleyhinə plasdarm qurması da bölgə güclərinin ciddi narazılığına səbəb olmaqdadır. Fransanı bölgəyə gətirmək cəhdi Ermənistana baha başa gələcək. Paşinyan iqtidarı Fransadan gələ biləcək dəstəyə çox ümid edir. Amma İran və Rusiyanın təzyiqləri qarşısında nə ABŞ, nə Fransa, nə də Aİ missiyası Ermənistana kömək edə biləcək. Əslində Cənubi Qafqaza nəzarət etmək, bölgədəki prosesləri özünə sərf edən formada gərginləşdirən qərb neoimperializmi Fransanın başçılığı altında Ermənistan həyata keçirdiyi layihəsini reallaşdıra bilməyəcək. Fransa hər nə qədər Ermənistana Külli miqdarda maliyyə yardımı edib, yararsız "konserv qutuları"nı silah adı ilə Paşinyan hakimiyyətinin gözünü boyasa da, Ermənistanın Rusiya asılılığına soy qoya bilməyəcək. Ölkənin dövlət büdcəsi böyük formada Rusiyadan gələn daxilolmalardan asılı vəziyyətdədir".