İsveçdə Rusiya ilə mümkün müharibə qorxusundan əhali ümumi müdafiəyə hazırlamağa başlayıb.
Bu barədə “Sud Ouest” nəşri məlumat yayıb.
“Konservlər, içməli su içün daşınan filtrlər, ilk tibbi yardım çantası və radio. Bunlar hökumətin ehtiyatda saxlamağı tövsiyə etdikləridir”, - məlumatda qeyd olunub.
Hətta mütəxəssislər 3 aylıq yemək ehtiyatı toplamağa çağırış ediblər.
İsveçin Fövqəladə Hallar Agentliyinin rəhbəri Şarlott Petri bildirib ki, total müdafiə konsepsiyası əhalini böhran şəraitində müstəqil yaşamağa hazırlamaqdır.
Mövzu ilə bağlı “Sherg.az”a danışan xanım politoloq Aytən Qurbanova söyləyib ki, son günlərdə belə xəbərlər qlobal media korporasiyaları tərəfindən mütəmadi şəkildə müzakirə mövzusuna çevrilib və kifayət qədər çox təhrikedici mesaj xarakteri daşıyır:
"Qərb mediası sanki 24 fevral 2022-ci il tarixinə qədər Ukraynaya Rusiyanın hücum edəcəyi ilə bağlı həyata keçirtdiyi manipulyasiya siyasətini indi də İsveç üzərindən etməyə çalışır. Bu nöqteyi-nəzərdən yanaşdıqda düşünürəm ki, İsveç NATO-ya üzv olmaqla Rusiyanın real hücum təhlükəsi ehtimalını kifayət qədər aşağı salmağa nail olub. Daha əvvəlki mərhələdə hər hansı hücum olmayıbsa, bugünkü reallıqlar kontekstində Moskvanın ilk belə addım ataraq NATO-Rusiya hərbi toqquşmasının təşəbbüskarı qismində çıxış edəcəyinə ehtimal vermək bir qədər çətindir. Belə bir məqamda Rusiyanın öz ərazisinə birbaşa təhdid olmadığı müddətcə nə İsveçə, nə də üçüncü bir NATO blokunun üzvü olan ölkəyə hücum edəcəyi ssenarisi bir qədər reallıqdan uzaq ehtimal kimi dəyərləndirilsə də, heç bir halda istisna edilmir”.