Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tusk martın 15-də Berlində Almaniya kansleri Olaf Şoltsla Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Günorta saatlarında fransız və alman siyasətçilər ikitərəfli görüş keçirəcək, daha sonra Polşanın Baş naziri onlara qoşulacaq. Bu, Tusk 2023-cü ilin dekabrında hökumətin başına keçdikdən sonra Veymar Üçlüyünün ilk görüşü olacaq. Görüşün məqsədi mediada fikir ayrılıqlarının artması ilə bağlı yayılan xəbərlər fonunda Ukrayna məsələsi üzərində işləməkdə liderlərin birliyini nümayiş etdirməkdir. Sənədlərin imzalanması və ya konkret müqavilələrin elan edilməsi nəzərdə tutulmur”, - məlumatda deyilir.
Gözlənilən görüşü “Sherg.az”a dəyərləndirən “Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov bildirib ki, Ukraynadakı savaş Kollektiv Qərbdə xaos yaradıb:
“Çünki bu təkcə konfliktoloji və diplomatik baxımdan təhlil olunmalı məsələ deyil. Eyni vaxtda psixoloji və sosioloji cəhətdən şərh ediləsi mövzudur. Böhran olduğuna görə müttəfiqlər arasında ziddiyyət yaranır. Yəni tərəflər bir-birini günahlandırmağa başlayırlar. Ukraynada baş verən böhran isə Qərbdə gərginlik formalaşdırıb. Artıq Almaniya və Fransa arasında ziddiyyətlər əmələ gəlib. Həmin fikir ayrılıqları isə tərəflərin Ukrayna müharibəsinin gedişatındakı mövqeyi ilə bağlıdır. Fransa Ukraynaya NATO ölkələri olaraq qoşun göndərməyi istəyir. Almaniya isə bununla razılaşmır və Fransanın mövqeyini tənqid edir. Paris və Berlin arasındakı ziddiyyət getdikcə artır. Bu baxımdan üçtərəfli görüş Almaniya və Fransa münasibətlərinə də aydınlıq gətirəcək. Ya ölkələrarası gərginlik aradan qalxacaq, ya da şiddətlənəcək. Qərb dövlətləri çərçivəsində Ukrayna savaşı ilə bağlı müxtəlif formatlarda görüşlər çox olub, amma nəticəsiz qalıb. Ona görə də sözügedən görüşdən də ciddi nəticələr gözləmək doğru olmaz. Qərb dövlətləri tərəfindən müəyyən qədər Ukraynaya yardımlar arta bilər. Amma bu köməklər yenə müvəqqəti olacaq. Müharibənin əvvəlində ABŞ və Avropa İtttifaqı eyni mövqedən çıxış edirdilər. İndi isə ayrı-ayrılıqda iki tərəf daxilində fikir ayrılıqları var”.