Ukrayna -Rusiya savaşında durğunluq: Süküt gərginliyi daha da artırır -ŞƏRH

Ukrayna atəşkəsə getməli və Rusiya ilə danışıqlara başlamalıdır.
bunu Ukraynanın eks-prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.
"ABŞ-nin dəstəyi olmasa, Ukrayna ərazilərini itirəcək. O zaman sual yaranır: bütün bunlar yaxın gələcəkdə baş verməyəcəksə, onda Ukrayna niyə ərazilərini itirməlidir? Atəşkəsə, Pasxa barışığına getmək və danışıqlara indi başlamaq daha məntiqli deyilmi? Ukraynaya kömək, pul və silah olmadığı halda, bunun yalnız bir çıxış yolu var: dərhal atəşkəsə getmək və danışıqlara başlamaq. Ukrayna Prezident Vladimir Zelenskinin dövründə salamat qala bilməyəcək", - Soskin qeyd edib.

O.Soskinin fikirlərini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a bildirib ki, Ukrayna və Rusiya müharibəsində passivlik mərhələsinə daxil olunub:

“Bu durğunluq mərhələsi özündə kifayət qədər təhlükələr ehtiva edir. Çünki aktiv döyüş əməliyyatlarının müsbət fonda dayanması təqdir edilən hadisə olsa da, belə bir prosesdə sükutun yaranması vəziyyətin daha da gərgin hal almasına səbəbiyyət gətirir. Bu baxımdan Ukrayna və Rusiya savaşında vahid məcraya gəlmək üçün mütləq şəkildə atəşkəslə bağlı nəticələr olmalıdır. Amma reallıq ondan ibarətdir ki, indiki şərtlər altında atəşkəsin əldə edilməsi mümkün deyil. Burada təkcə Rusiyanın uzunmüddətli proseslərə hesablanan hədəfləri yoxdur. Eyni zamanda hazırda Ukrayna da atəşkəsi qəbul edə bilməz. Çünki Ukraynanın Rusiya ilə razılaşması rəsmi Kiyevin itirilən bütün torpaqların taleyi ilə barışması və işğalçılığı dəstəkləməsi deməkdir. Kiyev və Moskva arasında hansısa böyükmiqyaslı geridönüşümlərin olmasını düşünmək olmaz”.