Hava şəraitinin pisləşməsi ilə əlaqədar Hərbi Gürcüstan Yolu ilə yükdaşımalar dayandırılıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.
“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzlüyü, habelə Gürcüstan Sərhəd Polisinin tövsiyələri nəzərə alınaraq, “Vladiqafqaz-Lars” hissəsində ağır tonnajlı avtomobillərin hərəkəti növbəti xəbərdarlığa kimi dayandırılıb”, - məlumatda qeyd olunub.
Lars yolunun bağlanmasına münasibət bildirən politoloq Natiq Miri “Sherg.az”a deyib ki, indiki vəziyyətdə regionda havanın pisləşməsi müşahidə olunur:
“Bu baxımdan Lars dağətəyi və dağlıq ərazidə olduğuna görə kəskin hava şəraiti ilə əlaqədər bağlanması mümkündür. Amma bunun qəsdən olub-olmaması yaxın perspektivdə müəyyən olunacaq. Çünki hava şəraitini səbəb olaraq istifadə etmək təkcə bu günlə məhdudlaşacaq məsələ deyil. Ermənistanın sürətlə Rusiyadan uzaqlaşması fonunda rus rəsmilərindən sərt hədələyici ritorikanın şahidi oluruq. Rusiya Xarici işlər naziri Sergey Lavrovun açıqlama vermişdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, İrəvan Avrasiya İttifaqının gətirdiyi güzəştlərdən istifadə edə bilməyəcək. Yəni dolayısı ilə Avrasiya və Rusiyanın iqtisadi, ticari bazarlarınn Ermənistanın üzünə bağlanacağı mesajı verilmişdi”.
Ekspert qeyd edib ki, Ermənistan Rusiyanın istədiyi kimi bütün iddialarından əl çəkməsə, nəticələri təkcə Lars yolunun bağlanması ilə müşahidə olunmayacaq:
“Rusiyanın Ermənistana ticari, iqtisadi, enerji və digər strateji infrastrukturlar yönündə təsir imkanları var. Ona görə də Larsın bağlanması təzyiqin kiçik bir hissəsi kimi görünə bilər. Ermənistanda yeni etiraz dağlası tətiklənə bilər ki, bununla bağlı rəsmi İrəvanda hazırlıqlar gedir. İndi isə Qarabağı könüllü şəkildə tərk etmiş erməniləri etiraz dalğasına cəlb etməyə çalışırlar. Çünki Qarabağ klanının bu yöndə Ermənistanda potensialı qalmayıb. Rusiya sadəcə olaraq əlində olan təzyiq vasitələrindən hələ açıq şəkildə istifadə etmir”.
Qeyd edək ki, Hərbi Gürcüstan Yolu Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.