Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək.
Bu barədə "Reuters" məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, Rusiya prezidenti Vladimir Putin may ayında Si Cinpinlə danışıqlar aparmaq üçün Çinə gedəcək, bu Kreml rəhbərinin yeni prezidentlik müddətində ilk xaricə səfəri ola bilər.
Mənbələr Putinin Çinə səfərinin may ayının ikinci yarısında baş tutacağını bildirib. Mənbələrdən ikisi Putinin səfərinin Si Cinpinin Avropaya planlaşdırılan səfərindən əvvəl baş tutacağını bildirib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, Putinin may ayında Çinə səfəri və Si Cinpinlə görüşü Rusiyanın növbəti beş il ərzində əməkdaşlıq strategiyasının hansı istiqamətdə qurulacağının işarəsidir:
“Eyni zamanda Çin Prezdentinin Avropaya səfərindən öncə Putinin oraya getmək planı Rusiya Qərb münasibətlərinin Çin üzərindən bərpası qismində də hesablana bilər. Səfər zamanı bu məsələlərin müzakirə edilməsi gözləniləndir. Rusiya Çin münasibətləri iqtisadi baxımdan yüksək səviyyədə inkişaf edir. Bu gün Rusiyanın Qərblə əlaqələri geniş olmasa da, Çin ilə dərin iqtisadi münasibətlər qurub. Xüsusilə də Ukrayna müharibəsi fonunda Rusiyanın Qərbdən təcrid edilməsi onun Çinə yaxınlaşmasına şərait yaradır. Bu baxımdan səfər çərçivəsində ikili, regional və qlobal münasibətlərin müzakirəsi masaya yatırılacaq. Putinin Çinə getməsindəki məqsədlə bağlı gözləntilər çoxdur, amma hadisələrin gedişatını izləyərək ətraflı məlumat əldə edəcəyik”.