Antonio Quterreş Yaxın Şərqə səfəri: Nələr müzakirə oluna bilər?

BMT Baş katibi Antonio Quterreş Yaxın Şərqdə səfər edəcək.
Bu barədə BMT sözçünün müavini Farhan Haq jurnalistlərə açıqlamasında bildirib.
Sözçü bildirib ki, Quterreş sabah Misirə və İordaniyaya işgüzar səfərə gedəcək. O qeyd edib ki, Baş katibin səfərinin məqsədi müsəlmanlar ilə Ramazan həmrəyliyini nümayiş etdirməkdir.

Quterreş səfər çərçivəsində həmçinin iki ölkənin dövlət rəsmiləri ilə görüşəcək və bölgədə davam edən münaqişə barəsində müzakirələr aparacaq.

A.Quterreşin Yaxın Şərqə səfərini dəyərləndirən politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, burada məqsəd müsəlmanlarla Ramazan ayında həmrəylik kimi göstərilsə də, əsas məsələ İsrail HƏMAS müharibəsinin hansı şəkildə yekunlaşmasıdır: 
“Bu müharibə həm islam, həm də digər ölkələrdə böyük narazılıq yaradır. Eyni zamanda Amerika Birləşmiş Ştatları və Böyük Britaniya da bundan narahatdır. Hər iki ölkə ictimaiyyəti müharibənin dayanmasınə istəyir. Qəzza zolağında minlərlə insan həlak oldu. Hətta ABŞ-dan verilən son məlumata görə 13 min uşaq həyatını itirmişdi. Bütün bunlar İsrail və onun müttəfiqləri kimi çıxış edən ABŞ, Böyük Britaniya və öz vəzifə borclarını yerinə yetirə bilməyən BMT-yə qarşı ciddi təzyiqlər yaradır. İordaniya və Misir Fələstinlə sərhəddi olan ərəb ölkələridir. Misir Qəzza zolağının yeganə xarici sərhəddi olan dövlətdir. Yəni Qəzza zolağı üç tərəfdən İsrail, bir tərəfdən isə Misirlə əhatə olunub. İordaniya və Misirlə danışıqlar aparmaq çox vacibdir. Çünki hər iki ölkənin Fələstin üzərində təsir imkanları var. Misir əhali, hərbi və iqtisadi cəhətdən Ərəb dövlətlərinin ən qüdrətli ölkələrindən biridir. Səfər zamanı Fələstin və İsrail arasındakı münaqişəni sülh yolu ilə həll etmək gündəm mövzusu olacaq”.