Ukraynanın gedişi: Ruslar Krım körpüsünün dağıdılmasına icazə verəcək?

Qanunsuz tikilmiş Krım körpüsünün dağıdılması Rusiya Prezidenti Vladimir Putin üçün rüsvayçılıq olacaq və ruslar üçün ciddi problemlər yaradacaq.
Bunu ABŞ ordusunun Avropadakı keçmiş baş komandanı, istefada olan general-leytenant Ben Hoces deyib.
"Təbii ki, Kerç körpüsünün dağıdılması bu il bu və ya digər şəkildə baş verməlidir. Əminəm ki, ukraynalılar uyğun vaxtı və şərtləri seçəcəklər. Bu nəhəng körpüdür, onu dağıtmaq çox çətin olacaq.
Ukrayna kəşfiyyat xidmətlərinin bunu necə edəcəyi ilə bağlı yaxşı planı olacaq və bu, hamımızı heyrətləndirəcək. Bu, o qədər ağıllı şəkildə ediləcək ki, ruslar da daxil olmaqla, heç kim bunu gözləməyəcək. Bunu nə vaxt etmək, təbii ki, onların işidir", - o bildirib.

Mövzu ilə bağlı "Sherg.az"a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Ukrayna tərəfinin bundan əvvəl də Krım körpüsünü dağıtmaqla bağlı bir neçə planları olub:

"Hətta körpü bir dəfə vurulduqda ciddi xəsarət də almışdı. Amma körpünü tamamilə dağıtmağa müvəffəq olmadılar. Ukrayna bundan sonra körpünü vurmaqla bağlı cəhdlərinə daha ciddi hazırlaşacaq. Əvvəl olan planlar Ukrayna üçün təcrübə idi. Eyni zamanda müharibənin gedişi Ukraynadan daha konkret addımlar həyata keçirməyi tələb edir. Çünki Ukrayna bir müddət əvvəl Rusiyaya əks-hücuma qalxdı, amma uğurlu olmadı. Zamanla Ukraynaya verilən dəstək də tükənməkdədir. Məsələn, Amerikada hakimiyyət Ukraynaya veriləcək dəstəyi Senata təsdiqlədə bilmir. Avropa dövlətləri də əvvəlki qədər maddi və texniki olaraq Kiyevə dəstək göstərmirlər. Bunun da səbəbi Ukrayna ordusunun Rusiyaya qarşı əməliyyatlarda istənilən nəticələri verməməsidir. Ona görə də Kiyev həmin dəstəkləri bərpa etmək üçün daha çox çalışır. Məhz Krım körpüsünü dağıtmaqla Rusiya ordusunun təminatını korlamaq bu addımların ən yaxşısı ola bilər Amma Rusiya ordusunu və kəşfiyyatını çox zəif görmək olmaz. Rusiya Silahlı qüvvələri dünyanın ən böyük ikinci ordusudur. Həmçinin rəsmi Moskvanın əsk-hücuma çıxmaq üçün uzaqmənzilli, ortamənzilli, yaxınmənzilli və dağıdıcı fəsadlar verən raketləri var. Amerikalı rəsminin məsələyə bu qədər optimist yanaşması onun şəxsi istəklərinin təzahürü ola bilər".