Rusiya xarici işlər naziri Sergey Lavrovun “İzvestiya”ya müsahibəsində dedikləri dünya mediasında ciddi müzakirələrə səbəb olub. Şərh olunur ki, Lavrov açıqlaması ilə Rusiyanın Ermənistana diplomatik müharibəsini elan edib.
Hazırda Ermənistan faktiki olaraq Qərbin təhlükəsizlik çətiri altına sığınıb. Rusiyanın qanadları altından çıxıb, öz suverenliyini Qərbə satıb. Rusiya isə bunun qarşısında sakit dayana bilməz. Görünən budur ki, Rusiya mövqelərini qoruyub saxlamaq üçün digər vasitələrdən də istifadə edə, hücum planı həyata keçirə bilər. Çünki o, siyasi kursunun ardıcıllığını qoruyub saxlamalıdır.
Buna görə də böyük ehtimal var ki, Ukrayna ssenarisi Ermənistanda da təkrar oluna bilər.
Rusiya xarici işlər nazirinin çıxışını "Sherg.az"a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Lavrovun çıxışı Ermənistanın heç vaxt müstəqil dövlət olmadığını bir daha sübüt edir:
"Uzun illər Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostu olub. Yəni rəsmi İrəvanın suverenliyi əvvəllər Rusiyanın əlində idi, indi də bu Qərbin himayəsinə keçir. Bu proses isə Rusiyanı hiddətləndirir. Lavrovun çıxışı Ermənistana qarşı hədə-qorxu mesaji kimi də qiymətləndirilə bilər. Ukrayna ssenarisi hazırda Ermənistanda təkrarlana bilməz. Çünki Rusiya Ukrayna ilə müharibə bitmədən heç bir ölkə ilə yeni münaqişəyə başlamaz. Amma Rusiya başqa vasitələr ilə Ermənistana təzyiq göstərə bilər. Paşinyan Rusiyadan uzaqlaşmaq siyasəti istiqamətində addımlarını davam etdirsə, Şimal qonşumuzun Ermənistana hansısa addımlar atacaq. Azərbaycan da bu məqamdan istifadə edərək Zəngəzur məsələsini həll etməlidir".