Kobayashi Pharmaceutical Co. Şirkətindən verilən məlumata görə, daha bir nəfər qırmızı düyü mayası olan “Beni-koji” içərək dünyasını dəyişib.
“Sherg.az” xəbər verir ki, bununla da “Beni-koji” pəhriz əlavəsi ilə bağlı ölüm hallarının sayı 5-ə yüksəlib. Hazırda ölənlərin cinsi və yaşı açıqlanmayıb.
Həyatını itirənlərin "ölüm səbəblərinin müəyyən edilməsi" üçün araşdırmaların davam etdiyi açıqlanıb.
Məhsuldakı problemi hələ də aşkar edə bilməyən yapon istehsalçısı bu problemə "kifdən əldə edilən naməlum maddə"nin səbəb ola biləcəyindən şübhələnir.
Səhiyyə, Əmək və Rifah Nazirliyi tərəfindən “Beni-koji” qəbul edən 93 nəfərin hazırda xəstəxanalarda müalicə aldığı xəbəri verilib. Nazirlik bu günə qədər şirkətə məhsulla bağlı 12 minə yaxın şikayət daxil olduğunu açıqlayıb.
Bildirilib ki, nazirlik mərkəzi ofisi cənubda Osaka metropolisində yerləşən şirkətə qarşı araşdırma başlatmağa hazırlaşır.
Məlumat verilib ki, şirkət 2023-cü ildə 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal edib və bunun 16,1 tonunu 50-dən çox şirkətlərə satıb.
Qeyd edək ki, 1919-cu ildə qurulan Kobayashi Pharmaceutical Co. dərman və əczaçılıq şirkəti çoxlu sayda sağlamlıq, gigiyena və qida əlavələri məhsullarını reseptsiz şəkildə satır.