Ötən gün Brüsseldə Nikol Paşinyan, Ursula Von der Leyen və Antoni Blinken arasında keçirilən görüş zamanı Ermənistana qarşıdakı 4 il ərzində Avropa İttifaqı 270 milyon avro, Amerika Birləşmiş Ştatları isə 65 milyon dollar ayıracağını söyləyib. Sözsüz ki, bu pullar Ermənistana elə-belə ayrılmır. Ermənistanın infrastrukturu, tamamilə Rusiyadan asılıdır. Qərb isə bu maliyyə yardımlarını Ermənistana ayırmaqla Rusiyanının nüfuzunu aşağı salmağa çalışır. Heç şübhəsiz ki, Paşinyan hakimiyyəti tərəfindən Rusiya əleyhinə addım və qərarların şahidi olacağıq.
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bildirib ki, Aprelin 5-də Brüsseldə ABŞ-AB-Ermənistan sammitində İrəvana elan edilən illik maliyyə yardımı 140 milyon dollardır.
O bildirib ki, 2024-cü il üçün AB 67,5 milyon avro (4 il üçün 270 milyon avro), ABŞ 65 milyon dollar, həmçinin Qarabağdan köçən ermənilər üçün 7 milyon dollar olmaqla, ümumilikdə 140 milyon dollar yardım ayrılıb.
“Rusiyadan isə 2024-cü ildə nağd pul axını 14 milyard dollar təşkil edəcək. Belə ki, transferlər 5 milyard dollar, ixrac 8 milyard dollar və yanacaq subsidiyaları 1 milyard dollar. Qərbin verdiyi Rusiyadan gələnlərin 1 faizini təşkil edir”, - o qeyd edib.
İndi isə sual yaranır ki, iqtisadiyyatı tamamilə Rusiyanın əlində olan Ermənistanı Avropa bu yardımlarla Rusiyanın təsirindən çıxara biləcəkmi?
Mövzu ilə bağlı “Sherg.az”a danışan "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bildirib ki, Brüsseldə keçirilən Avropa Birliyi, ABŞ və Ermənistan arasındakı ortaq konfrans Paşinyan hakimiyyətinin Ermənistanı faktiki olaraq satışa çıxarması anlamı daşıyır:
“Qərb Ermənistandan Rusiyadan uzaqlaşmağı və onların hərbi bazalarını ölkədən çıxarmağı tələb edir. Rəsmi İrəvan da bunun qarşılığında Qərbdən müəyyən maliyyə dəstəyi istəyir. Ermənistandakı hesablamalara görə rəsmi İrəvanın Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiyası üçün illik üç milyard ABŞ dolları lazımdır. Onlar düşünürlər ki, əgər bu məbləğ hər il ödənilərsə, Ermənistan 8-10 il ərzində Rusiyanın iqtisadi və hərbi asıllığından xilas ola bilər. Nikol Paşinyanın yaxın ətrafının bildirdiyinə görə isə Avropa Birliyi Ermənistana hər il bir milyard avro maliyyə yardımı göstərməyə söz verib. Amma üçtərəfli görüşün nəticələri göstərdi ki, Paşinyan hakimiyyətinin ümidləri puça çıxdı. Çünki 4 il ərzində ayrılacaq 270 milyon avro yüksək vəsait sayılmır. ABŞ-nin ödəyəcəyi 65 milyon dollar isə Ermənistanın hərbi və iqtisadi problemlərini ödəyəcək civarda deyil. Bununla belə Paşinyan hakimiyyəti Aİ və ABŞ tərəfindən ayrılacaq “qəpik-quruş”a qane olmaq məcburiyyətindədir”.
Ekspert vurğulayıb ki, Brüssel görüşündə Rusiyaya qarşı ikinci Ukrayna ssenarisi işə salınıb:
“Bundan sonra Ermənistan Rusiyaya qarşı açıq şəkildə addımlar atacaq. Yəni Qərbin bütün təlimatlarını yerinə yetirəcək. Bunun nəticələri isə çox ağır olacaq. Çünki Ermənistanın bütün iqtisadiyyatı Rusiyadan asılıdır. Ermənistanın ticarət dövriyəsi Rusiya və Avrasiya İqtisadi İttifaqından (Aİİ) böyük ölçüdə asılı haldadır. Əgər Rusiya Ermənistana müəyyən sanksiyalar tətbiq edərsə, bu rəsmi İrəvan üçün çox baha başa gələcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına görə hər il rəsmi Moskvada yaşayan rusiyalı ermənilər Ermənistana üç milyard dollar maliyyə vəsaiti köçürürlər. Bu isə Ermənistanda əhalinin iqtisadi və sosial vəziyyəti üçün böyük önəm daşıyır. Daha sonra eyham vuruldu ki, həmin məbləğin Ermənistana köçülürməsi dayandırıla bilər. Eyni zamanda Kreml Ermənistana qaz ixracatını dünya bazarları səviyyəsinə qaldıra biləcəyini söylədi. Hətta Rusiyanın Ermənistana qaz satmasının dayandırılması da mövcud məsələdir. Belə olan halda Ermənistanın enerji resurslarına olan ehtiyaclarını necə və haradan ödəyəcəyi də müəmmalıdır. Bütün bunların fonunda Ermənistan çox təhlükəli yola girib. Paşinyan hakimiyyətinin tək ümidi Kollektiv Qərb və NATO-nun gücünü arxasına almaqla Azərbaycana qarşı istifadə etməkdir. Görüş zamanı səhnə arxasında hansı məsələlərin müzakirə olunması və Ermənistana nələrin vəd edildiyi bəlli deyil. Amma Ermənistan Qərbdən hərbi təhlükəsizlik təminatı almağa nail olmayıb. Ermənistan həmin təhlükəsizlik təminatını almaq üçün Azərbaycana qarşı müəyyən təxribatlar törətməklə Cənubi Qafqazda savaş yarada bilər”.