Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başa düşməlidir ki, Ukrayna və Rusiya arasında danışıqların baş tutması üçün ölkəsi kifayət etməyəcək.
bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski RBK-ya müsahibəsində bildirib.
“Türkiyə əsirlərlə bağlı bizə kömək etdi. Bu bir faktdır. Onlar vasitəçi olmaq istəyirlər. Amma Prezident Ərdoğan bilməlidir ki, təkcə Türkiyə vasitəçi kimi bizim üçün kifayət deyil. Bizim üçün sülh sammiti formatı daha yaxşıdır. Mən düşünmürəm ki, Türkiyə təkbaşına Putinin siyasətini sıxışdıra bilsin”, – Zelenski bildirib.
Zelenskinin fikirlərinə münasibət bildirən türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl “Sherg.az”a bildirib ki, Ukrayna Prezidentinin sözlərində həqiqət payı var:
“Rəsmi Ankara bu məsələdə Ukyarnaya açıq şəkildə dəstək verir və rəsmi Kiyevin ərazi bütövlüyünü tanıyır. Türkiyə hazırda tək ölkədir ki, həm Ukrayna, həm də Rusiya rəhbərliyi ilə dialoq qurur. Həmçinin Türkiyə Avropa Təhlükəsizlik forumuna iki ölkənin xarici işlər nazirlərini dəvət edib, mövcud məsələ ilə bağlı fikirlərini öyrənib. Eyni zamanda qardaş ölkə İstanbulda da Rusiya və Ukraynanın sülh heyyətləri arasında görüş təşkil edib. Qərb isə bu görüşmələrdən doğan yeni ümidləri əngəllədi. Türkiyənin Ukrayna savaşı ilə bağlı sülh gücünün yetməməsinə səbəb müxtəlif ölkələrin fərqli maraqlarının olmasıdır. Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb ölkələrinin Ukrayna üzərində maraqları çoxdur”.
Ekspert qeyd edib ki, Türkiyə Qara dəniz bölgəsində sülh istədiyinə görə Ukrayna savaşına münasibəti Qərb ölkələrindən fərqlənir:
“Ukrayna savaşının bu qədər kəskinləşməsinə səbəb isə Qərb dövlətlərinin bölgədə yürütdüyü yanlış siyasətdir. Rusiya da buna çox aqressiv şəkildə cavab verdi. Hazırki vəziyyətdə Qərb və Amerikaya Rusiyaya qarşı sərt mövqe sərgiləyir. Savaşın bitməsi üçün isə Türkiyə daha çox can atır”.