Ən uyğun variant Ermənistandır
Qərb öz hərbçilərini regiona fərqli adlarla, missiyalarla yerləşdirməyə çalışır
Avropa Birliyinin xarici əlaqələr üzrə rəsmi nümayəndəsi Piter Stano erməni mediasına müsahibəsində deyib ki, AB “Bizimlə işləmək istəyirsinizsə, bütün digər tərəfdaşlardan imtina etməlisiniz” deyən aktor deyil. Onun sözlərinə görə, Ermənistan üçün ev tapşırığı daha çox islahatları davam etdirməkdir: "Söhbət Ermənistanın siyasi və iqtisadi baxımdan AB-yə yaxınlaşmasından gedir. Bu, əlbəttə, islahatlar üzərində işləməkdən ibarətdir. Demokratik institutların gücləndirilməsi, zəruri iqtisadi islahatlar, qanunun aliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və s. Ermənistanın bu istiqamətdə işi qiymətləndirilir. Ancaq həllini gözləyən problemlər var”. Stano bildirib ki, Ermənistan öz ərazisində Rusiya hərbçilərinin, hüquq-mühafizə orqanlarının olmasını istəyirsə, bu, İrəvanın suveren qərarıdır: "Ermənistan Rusiya ilə hansısa əməkdaşlığın öz maraqları üçün vacib, faydalı olduğuna inanırsa, AB siyasətlərinə, məsələn, bizim sanksiya siyasətimizə zidd olmamaq şərti ilə bunu edə bilər".
Məlumat üçün bildirək ki, Avropa Birliyi Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri İrəvana iki günlük işgüzar səfər ediblər. Avropalıların Ermənistan rəhbərliyi ilə yanaşı, AB-nin bu ölkədəki müşahidə missiyasının nümayəndələri ilə görüşəcəkləri deyilib. Görüşlərdə ölkədəki vəziyyət və Azərbaycanla danışıqlar prosesi müzakirə olunacaq. Avropa nümayəndə heyəti İrəvandan sonra Tbilisi və Bakıya da səfər edəcək.
Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a bildirib ki, Qərbin məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaqdır. Ekspertin sözlərinə görə, hazırda bu təşəbbüs üçün ən uyğun variant Ermənistandır:
"ABŞ və Avropa Birliyi ona görə Ermənistanın əliylə regiona daxil olmağa, burada möhkəmlənməyə çalışır. Gürcüstan və Azərbaycanla bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Eyni zamanda Qərb nisbətən yumşaq gücdən istifadə edir. Yəni Moskvanı daha çox qıcıqlandırmamağa səy göstərir. Çünki Ukrayna-Rusiya müharibəsi də məhz Kremlin təhrik edilməsi ilə başladı. Hələ də savaş davam edir. Qərbin regionda Rusiyaya qarşı ikinci cəbhə açdığı deyilir. Amma düşünürəm ki, Qərb Cənubi Qafqaza tam yerləşmədən, ABŞ bölgəyə tam daxil olmadan burada ikinci cəbhənin açılması mümkünsüzdür. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistanın təhüləsizliyi Qərbdən çox Rusiyadan asılı olan məsələdir. Ermənistan sərhədləri, ölkə iqtisadiyyatı bütövlükdə Rusiyanın nəzarəti altındadır. Ona görə də Qərb nümayəndələri elə ifadələr seçirlər ki, Kreml çox qıcıqlanmasın. Təbii ki, Qərbin əsas qayəsi Rusiyanı bölgədən tamamilə sıxışdırıb çıxartmaqdır. Moskva da bunun fərqində olduğu üçün kəskin reaksiya verir".
Q.Əlibəyli əlavə edib ki, Qərb ölkələri AB-nin "xüsusi missiyası" adı altında Cənubi Qafqaza kiçik hərbi kontingent yerləşdirib:
"Birbaşa hərbi kontingentin yerləşdirilməsi mürəkkəb məsələdir. Rusiya ilə Ermənistan arasında müttəfiqlik, hərbi sazişlər var. Rus hərbçilər 2040-cı illərədək Ermənistan qalacaq. O səbəbdən Qərb öz hərbçilərini regiona fərqli adlarla, missiyalarla yerləşdirməyə çalışır".