Brüssel danışıqlarında Aİ və ABŞ Paşinyanın qarşısında çox dəqiq bir plan qoyub
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüssel konfransı barədə erməni cəmiyyətində yanlış təsəvvürlər olduğunu sübut etməyə çalışıb. Erməni nazir iddia edib ki, Brüsseldə Ermənistana vəd olunan 350 milyon daha böyük məbləğlərə "qapı açan" önəmli bir prosesin tərkib hissəsidir. Ararat Mirzoyan hətta Ermənistanın bu proses sayəsində yaxın bir neçə ildə ümumi həcmi 2,9 milyard dollara qədər qrantlar ayrılacağını da iddia edib. Halbuki erməni nazir Brüsseldə vəd olunan 350 milyon dolların, eləcə də, onun özünün uydurduğu 2,9 milyard dolların alınmasına qədər Ermənistan adlı dövlətin yoxa çıxma ehtimalını da qeyd etməyi unudub.
Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, 5 apreldə Brüsseldə keçirilən görüşdə Ermənistana Avropa İttifaqı 270 milyon dollar, ABŞ isə 65 milyon dollar vəsait verəcəyini açıqladı. Deputatın sözlərinə görə, Qərb bu məbləği Ermənistan dövlətinin apardığı anti-Rusiya potensialının dəyəri kimi qiymətləndirir:
"ABŞ və Aİ Ermənistana maliyyə verməklə Paşinyanın hakimiyyətini möhlkəmləndirməyə çalışır. Paşinyan məhz Qərbdən aldığı maliyyələri xərcləyərək hakimiyyətə gəlib. İndi Qərb yenə maliyyə ayırmaqla Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışır. Amma bu, mümkün deyil. Erməni ekspertlər də Rusiyanın Ermənistana verdiyi qazın qiymətini artıracağı təqdirdə 350 milyon dolların kifayət etməyəcəyini bildirirlər. Bu baxımdan Qərbin Paşinyana verəcəyi maliyyə dəstəyi özlərinin çirkin planlarını reallaşdırmaq üçün atılan addım kimi başa düşülməlidir. Təbii ki, ABŞ və Aİ-nin Ermənistanın təhlükəsizliyinə hansısa "təminatlar" verməsi, silahlandırması, maliyyə yardımı ayırması və s. Ermənistanın danışıqlarda manipulyasiya etməsinə imkan verəcək. Məhz ona görə də Paşinyan gündə bir fikir bildirir, konkret bir addım ata bilmir, ölkəmizlə sülh danışıqlarının aparılmasını uzatmağa çalışır".
Parlament üzvü vurğulayıb ki, tərəflər arasında münasibətlərin normallaşması prosesinin uzanması Paşinyana Qərbdən yeni yardımların dilənməsi üçün imkan yaradır:
"Qərb Ermənistana dəstək verdikcə Cənubi Qafqazda sülh olmayacaq. Son günlər şərti sərhədimizdə baş verən atəşkəsin pozulması halları da Paşinyan hakimiyyətinin Qərbdən aldığı vədlərdən ilhamlanmasının göstəricisidir. Brüssel danışıqlarında Aİ və ABŞ Paşinyanın qarşısında çox dəqiq bir plan qoyub. Bu plan Rusiya hərbi bazasının çıxarılması və Qərbin silahlılarının gətirilməsinə xidmət etməlidir. Paşinyanın apardığı siyasət ancaq bu istiqamətdədir. Təbii ki, bunu Qərbin Ermənistanı geri dönümü olmayan bir tunelə itələməsi kimi qeyd edə bilərik. O tunelə ki, sonu görünmür və irəlilədikcə qaranlıq və zülmətdir".