Yaponiya Rusiyanı Kuril adalarını işğal etməkdə ittiham edib.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin illik hesabatında deyilir.
Sənəddə bildirilir ki, şimal əraziləri (Kuril) Yaponiyanın suverenlik hüququna malik olduğu adalardır və bunlar yaponların ata-baba əraziləridir, amma hazırda Rusiya tərəfindən işğal olunub.
Eyni zamanda nazirlik qeyd edib ki, Tokio hələ də Moskva ilə sülh müqaviləsi imzalamağa və şimal əraziləri ilə bağlı problemləri həll etməyə meyllidir. Hesabatda vurğulanır ki, Yaponiya tərəfi üçün prioritet məsələ Kuril adalarının cənub hissəsi ilə humanitar mübadilənin bərpasıdır. Xüsusən də Yaponiya xalqının bu ərazidəki ata-babalarının məzarlarını ziyarət etməsi vacibdir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, hazırki situasiyada Yaponiyanın belə bir tələbi gündəmə gətirməsi yeni gərginliyin əsasını qoya bilər:
“Bu gərginliyin yaranması isə arzu olunan deyil. Onsuz da Çin-Tayvan, Çin-Yaponiya və Cənubi Koreya-Şimali Koreya münasibətləri fonunda Uzaq Şərqdə vəziyyət qarışıqdır. Uzaq Şərq "barıt çəlləyi" kimi, regiondur. Yaponiyanın isə yaranmış vəziyyətdən istifadə etməsi mümkündür. Rusiyanın Ukrayna müharibəsinə görə başı qarışıqdır. Ermənistan üzərindən Cənubi Qafqazda Şimal qonşumuza yeni cəbhə açılmasına çalışılır. Eyni zamanda, Amerika mərkəzlərindən təlimat alan bəzi Yaponiya qurumları sözügedən məsələni ortaya qoyaraq Rusiyanın gücünü parçalamağa cəhd göstərə bilərlər. Rusiya və Yaponiya arasında əlaqələr yaxşı deyil. Kuril adaları ilə bağl təklif iki ölkə arasında münasibətlərin daha pisləşməsinə səbəb olacaq. Rusiyanın isə Kuril adalarını qaytarmaq fikri yoxdur”.