Analitik: Rusiya İranın regiondakı addımlarını müdafiə edir

Putin və İbrahim Rəisi bu istiqamətlərdə müzakirə aparıblar
 

 İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Bu barədə Kreml məlumat yayıb.

 İki ölkə prezidenti arasında olan telefon danışığında hansı məsələlərin müzakirə edilməsini  “Sherg.az”a dəyərləndirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Solton bildirib ki, İranla Rusiya arasında əməkdaşlığa dair əhatəli müqavilə imzalanmalı idi: 
“Burada hərbi, hərbi-texniki sahədə və digər  istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulmuşdu. Sənədin hazırlanması üçün Rusiyanın müdafiə naziri Sergey Şayqu  İranda səfərdə də olmuşdu. Bu baxımdan telefon danışığında əhatəli müqavilənin imzalanması ilə bağlı söhbət müzakirə edilə bilər. Bundan başqa, aprelin 14-də İranın İsraili birbaşa vurması və bunun nəticələrinin də söhbət zamanı ortaya qoyulma ehtimalı var. Eləcə də İsrailin İrana mümkün hava zərbələri və rəsmi Tehrana qarşı növbəti sanksiya paketinin qəbul  ediləcəyi də masaya yatırıla bilər. Eyni zamanda İran hava hücumundan müdafiə ilə bağlı Rusiyadan hava hücumundan müdafiə kompleks sistemi istəyə bilər”.

 Ekspert söyləyib ki, rəsmi Tehranın  İsrailə birbaşa həmlə etməsindən sonra Rusiyanın İran səmalarında kontinental raketinin hərəkətinin  müşahidə olunması təsadüfi deyildi: 
“Rusiya bununla İranın regiondakı addımlarını müdafiə etdiyini göstərdi. Ona görə də hesab edirəm ki, Vladimir Putin və İbrahim Rəisi arasında müzakirə olunan məsələlər təxmini bu istiqamətlərdə olacaq. Həmçinin hadisələrin şiddətlənəcəyi təqdirdə İranın Rusiyaya verdiyi PUA-ların tədarükünün davam etdirilməsi də müzakirə oluna biləcək məsələdir. Bir sözlə, tərəflər arasında daha çox hərbi, siyasi və iqtisadi əməkdaşlığın perspektivi kimi, məsələlər  telefon danışığında müzakirə oluna bilər”.