Analitik: Vaşinqtonun əsas hədəfi İsrail və Ərəb dünyasını barışdırmaqdır

“ABŞ Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq müqabilində İsrailin Fələstini tanımasını istəyir”.
Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, Vaşinqton yaxın aylarda İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin normallaşması müqabilində Fələstin dövlətinin tanınması üçün uzunmüddətli diplomatik razılaşma əldə etməyə çalışır.
Nəşr yazır ki, Ağ Ev Ər-Riyada rəsmi təhlükəsizlik əlaqələri təklif edir. Bu əməkdaşlıq çərçivəsində isə mülki nüvə enerjisinin inkişafına və Fələstin dövlətinin tanınmasına səy göstərəcəyinə vəd verir.


Mövzu ilə bağlı “Sherg.az”a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Amerika Birləşmiş Ştatlarının bölgədə regional maraqları mövcuddur və həmin maraqlarını təmin etməlidir: 

“Düzdür, İsrail Amerikanın bölgədə ən yaxın müttəfiqi ola bilər. Amma Vaşinqton anlayır ki, təkcə İsraillə müttəfiq əlaqələri üzərindən Yaxın Şərqdə öz istəklərini təmin etmək çətin olacaq. Belə olan halda da Amerika regionun digər ölkələrilə də münasibətləri möhkəmləndirməyə çalışır. Məsələn, bu nöqtədə ABŞ və Türkiyə NATO çərçivəsində müttəfiq münasibətlərə malikdirlər. Son dövrlər Ərəb dövlətləri yeni geosiyasi faktorlar nəticəsində daha çox Çin və Rusiya ilə əlaqələrə üstünlük verirlər. Əvvəlcə Ərəb dövlətləri, xüsusilə də Səudiyyə Ərəbistanı Amerika mərkəzli xarici siyasət xətti yürüdürdü. Son illər isə bu xətt dəyişib və həmin ölkələr Çin, Rusiya ilə əlaqələr qurur. Amerika isə bunların hamısını görür və Səudiyyə Ərəbistanını yenidən öz xarici siyasət kursunun əsas tərəfdaşlarından birinə çevirmək istəyir. Burada əsas maneə isə Ərəb dünyası ilə İsrail arasında olan gərginliklərdir. İndi Vaşinqtonun əsas hədəfi İsrail və Ərəb dünyasını barışdırmaqdır. Əgər Amerikanın bu istəyi baş tutsa, Vaşinqton Rusiya və Çinin Yaxış Şərqdə nüfüzunu artırmasının qarşısını ala bilər.  İndiki vəziyyətdə isə bu mümkün deyil. Çünki Ərəblər və Yəhudilər özləri üçün daha artığını istəyirlər”.