Analitik: Etiraz aksiyaları İranda bir çox eybəcərlikləri üzə çıxardı

Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının tətbiqinin sərtləşdirilməsinə etiraz olaraq dərsləri tətil ediblər.
Bu barədə universitet tələbələrinin sosial media hesabında paylaşım edilib.

Məlumata görə, aprelin 21-dən başlayaraq, kompüter mühəndisliyi, energetika, sənaye, toxuculuq və riyaziyyat fakültələrində dərslər dayandırılıb.

Tətil 200 tələbənin məcburi hicab qaydalarını pozduqları bəhanəsi ilə universitetə buraxılmamasından sonra başlayıb.

Məsələ ilə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Solton söyləyib ki, 2022-ci ilin sentyabrından başlayaraq 2023-cü il boyu davam edən etiraz aksiyaları İranda bir çox eybəcərlikləri üzə çıxardı:

“Həmin prosesdən sonra məlum oldu ki, Tehran hakimiyyəti öz cəmiyyətinin fikri ilə hesablaşmır və daha çox onu təzyiq və təqiblərlə idarə etməyə üstünlük verir. Hicab qaydalarının sərtləşdirilməsi ilə bağlı cəmiyyətin aksiyaları nəticəsiz qaldı. Hesab edirəm ki, bu məsələ gələcək zamanda dəyərləndiriləsi məsələdir. Çünki müasir İran tarixində son 20 ildə bir neçə dəfə belə hadisə olub. Amma yekunda tələblərin həyata keçməsinə nail olunmayıb. Digər tərəfdən univerisitet və müxtəlif müəssələrdə insanlar öz qürurlarını sındırmamaq üçün hicabsız gəzir, rəqs edərək əylənirlər. Tehran rejimi isə buna dözümsüz yanaşır və həmin təbəqənin nümayəndələrini həbs edirlər. Gələcəkdə də cəmiyyətin İran hakimiyyətinin tətbiq etdiyi qaydalara etiraz aksiyaları davam edəcək. Çünki zaman Tehran rejiminin istədiyi kimi deyil. Bütövlükdə tehran hakimiyyəti zamandan geri qalır və yeni nəslin tələblərini zor gücü ilə qarşılamağa çalışır”.