ABŞ-dən yardım paketinin təsdiqlənməsində gecikmələr Ukraynanın şərqdə müəyyən əraziləri itirməsi ilə nəticələndi. Bu, xüsusilə, Donetsk vilayətinin Avdiv şəhəri ilə bağlıdır.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Gecikmənin nəticələri Ukraynada hiss olundu. Son altı ayda Ukrayna sursata qənaət etmək məcburiyyətində qaldı, bu, şərqdəki ərazilərin bir hissəsinin, xüsusən də Avdivin itirilməsinə səbəb oldu”, - Ağ Ev rəsmisi bildirib.
Sallivan paketin Konqresdə təsdiqlənməsi prosesin çox uzun sürdüyünü etiraf edib. Eyni zamanda o qeyd edib ki, ABŞ-nin elan etdiyi 1 milyard dollarlıq hərbi yardım paketi Kiyev üçün yaxşı xəbər olsa da, Ukrayna qoşunları hələ də döyüş meydanında ciddi təzyiq altındadır.
Onun sözlərinə görə, yaxın gələcəkdə Rusiyanın döyüş meydanında əlavə taktiki uğurları ola bilər.
“Fakt budur ki, Konqresdə əlavə maliyyələşdirməni təsdiqləyən altı aylıq gecikmənin yaratdığı çuxurdan çıxmağımız bir qədər vaxt aparacaq”, - Sallivan vurğulayıb.
Sallivanın fikirlərinə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Amerika tərəfinin əvvəlcədən Ukrayna münaqişəsində nail olmaq istədiyi məqsədər var idi:
“Ukrayna müharibəsi fonunda Rusiya Şərqi Avropada öz maraqlarını təmin etmək üçün iqtisadi və hərbi baxımdan gücünün müəyyən hissəsini itirəcəkdi. Belə olan halda isə Çinlə qlobal qarşıdurmada Amerika özünü Rusiya amilindən sığortalayacaqdı. Çünki ÇİN və Rusiya ilə eyni anda qlobal rəqabətə başlamaq ABŞ üçün ciddi fəsadlar doğura bilərdi. İstər iqtisadi, istərsə də hərbi cəhətdən Amerikanın sahib olduğu qüvvə Rusiya və Çinin ümumi potensialından daha çoxdur. Amma nəzərə almaq lazımdır ki, iki fərqli dövlət var və hər biri uzun imperiya, dövlətçilik tarixinə sahibdir. Ona görə də Amerika Ukrayna münaqişəsindən istifadə etməklə rəqiblərinin sayını minimuma endirmək niyyəti güdürdü. Əslində, Amerika müəyyən qədər niyyətinə nail olub. Rusiya Ukrayna cəbhəsində nə qədər üstün görünsə də, məqsədlərinin bir qisminə tamamilə çata bilmir”.
Ekspert bildirib ki, Sallivanın dediyi kimi, burada Amerika siyasəti üçün etiraf ediləsi səhv var idi:
“ABŞ Müharibənin ilk vaxtlarında Rusiyanı zəiflətmək üçün Ukraynaya müəyyən məbləğ ayırdı. Amma son zamanlar ABŞ tərəfindən dəstəklərin dayanması nəticəsində Şimal qonşumuz məqsədlərinin bir qisminə çatdı. Hətta Rusiyanın addımları Ukraynada ruh düşkünlüyünə belə səbəb oldu. Döyüşlərdə isə ruh yüksəkliyi silah qədər önəmli faktordur. İndi isə Amerika bu cür açıqlamalar ilə Ukraynada əsgərlərin və xalqın ruh yüksəkliyini yenidən oyatmağa çalışır”.