Analitik: Rusiya ordusu daxilində silahlı toqquşmalara...

 Nepaldan olan muzdlular kütləvi şəkildə Rusiya ordusunu tərk edirlər.
Bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
İddia olunur ki, muzdluların qaçmasına böyük sayda itkilər, səhra komandirlərinin kobud münasibəti, həmçinin vəd edilən pulların ödənilməməsi səbəb olub.
Qeyd edək ki, Nepal hakimiyyəti 2024-cü ilin yanvarında Rusiyanın Ukraynaya qarşı müharibəyə 200-dən çox vətəndaşını cəlb etdiyini açıqlayıb. Onlar bunun qarşısını almaq üçün Rusiyada işləmək məqsədilə verilən icazələrin paylanmasını dayandırıblar.
Mətbuatdakı məlumatlara görə isə Rusiya 2 minə yaxın Nepal vətəndaşını orduya cəlb edib. 


Sözügedən məsələni şərh edən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, Rusiya ordusunda başqa ölkələrdən olan muzdluların vuruşması ilə bağlı məlumatlar çoxdan mövcuddur:
“Belə muzdluların Suriya, İraq və Üçüncü Dünya ölkərindən gətirilməsi haqqında fikirlər var idi. Ümumiyyətlə, hansısa ölkənin ordusunda xarici dövlətdən olan muzdluların savaşması qeyri-adi hadisə deyil. Tarixən belə ordu quruluşları mövcud olub. Qədim dövrlərdə Roma imperiyasının ordusunda xarici legionlar fəaliyyət göstəriblər. Rusiyada da muzdlu taktikasından geniş şəkildə istifadə olunur. Çünki böyük ehtimalla yerli əhalinin orduya cəlb olunmasına Kreml risq etmir. Bu səfərbəyliyin Kremlə müəyyən problemlər yaratması gözləniləndir. Ona görə də xarici ölkələrdən muzdluları orduya gətirirlər”.

Ekspert vurğulayıb ki, muzdluların savaşda effektiv olmaması ilə bağlı məlumatlar yayılır:
“Çünki muzdluları daha çox maraqlandıran onlara ödənilən məbləğdir. Onları hansısa ərazini nəzarətə götürmək kimi, hədəflər maraqlandırmır. Rusiya ordusunda Nepaldan olan muzdluların döyüşməkdən imtina etmələri gözlənilməz deyildi. Onlara olunan ödənişin gecikdirilməsi və yaxud miqdarının aşağı salınması ilə əlaqədar fikirlər də var. Ancaq bu bir qədər təhlükəli prosesdir və Rusiya ordusu daxilində silahlı toqquşmalara yol aça bilər. Çünki xarici ölkələrdən olan muzdlular çox güman Rusiya ilə müqavilə bağlayıblar. Həmin müqavilənin sona çatmasını gözləmədən ordunu tərk etmək müəyyən problemlər yaradar. Belə olan halda Rusiyanın hərbi-siyasi rəhbərliyi muzdluların orduda qalması ilə bağlı hüquqi addımlar ata bilər”.