Rusiya Qərbi qabaqlayacaq: Abxaziya və Cənubi Osetiya...

Gürcüstanda qalmaqallı “Xarici agentlər haqqında” qanun layihəsi qəbul edilib. Sözügedən qanun artıq ikinci oxunuşdan keçib. Bir neçə  həftədən sonra üçüncü oxunuş olacaq. Görünən odur ki, belə getsə, o da qəbul olunacaq. Ölkədə isə vəziyyət həqiqətən də kritik həddədir və demək olar ki, bütün etiraz mexanizmləri işə salınıb. Amerika Birləşmiş Ştatları konqresmenləri və Avropa İttifaqı rəsmiləri Gürcüstana qarşı siyasəti sərtləşdirməyə çağırırlar.  ABŞ və Avropa İttifaqı müstəqil dövlətin demokratik yolla seçilmiş siyasi hakimiyyətinin qəbul etmək istədiyi qərarın ləğv edilməsinə çalışır və bunu gizlətmir. Hətta bunun üçün siyasi və diplomatik təzyiqlər, iqtisadi sanksiya xəbərdarlıqlarından da istifadə olunur. Sanki Qərb təşkilat və qurumlara nəzarətsiz maliyyə vəsaitləri göndərilməsinə nəzarət olunmasını istəmir. Gürcü hakimiyyəti də ABŞ-la və Aİ ilə münasibətləri yetərincə soyudub. 

Hakim “Gürcü Arzusu” partiyası, partiyanın parlamentdəki fraksiyası və hökumət üzvləri qanun layihəsinin qəbul olunmasında sona qədər qətiyyətli görünür.

Mövzu ilə bağlı "Sherg.az”a danışan siyasi şərhçi Azər Rəşidoğlu bildirib ki, Gürcüstanda cərəyan edən proseslər müxalif qüvvələrin daha sıx birləşməsinə gətirib çıxaracaq:
“Unutmaq olmaz ki, keçmiş prezident Saakaşvili də bütün müxalifətə birləşib və məsələni birlikdə həll etmək barədə müraciət edib. Bu isə onların gücünün daha da artmasına, mütəşəkkil fəaliyyətə səbəb olacaq. Etiraz dalğası uzun müddət davam edəcək. Hətta proseslər payıza qədər uzana bilər. Davamlı aksiyalar isə əhalinin kütləvi şəkildə müxalifət ətrafında birləşməsinə gətirib çıxaracaq. Bu baş verərsə, etiraz aksiyaları müxalifətin qələbəsilə bitəcək”. 

Ekspert qeyd edib ki, hakimiyyət daxilində isə parçalanma var:
“Prezident Zurabişvili də müxalifətin tərəfindədir. Bu əsasda da onunla hökumət arasında ziddiyyətlər günü-gündün artır. Oktyabrda Gürcüstanda seçkilər baş tutacaq. Prosesin həmin dövrə qədər davam edəcəyi istisna deyil. Yəni proses tezliklə səngiməyəcək. Son hadisələr də göstərir ki, tərəflər oktyabr seçkilərinə indidən start veriblər. Hiss olunur ki, müxalifət seçkiyə daha ciddi hazırlaşıb. Hər şey oktyabr seçkisində öz yerini tutacaq”.

Analitik əlavə edib ki, ölkə yol ayrıcındadır: 
“Avropa İttifaqının təklif etdiyi yolla gedərək ümumi ailəyə qoşulmaq, yoxsa bu perspektivi müxtəlif vasitələrlə gecikdirmək? Hazırda  iqtidarda olan "Gürcü arzusu" partiyası ikinci yolu tutmuş kimi görünür. Yəni Avropa İttifaqı və ABŞ-nin dəfələrlə bəyan etdiyi kimi hazırda parlamentdə qəbul edilməsi gözlənilən "Xarici agentlər haqqında" qanun layihəsinin həyata vəsiqə alması məhz bu anlama gəlir. Yəni Gürcüstan hökumətinə qeyd olunan mərkəzlərdən xəbərdarlıq edilib. Gürcüstandakı bəzi siyasətçilər isə daha irəli gedərək "Rusiya qanunu" adlandırılan bu sənədin qəbul edilməsi ilə Avropa İttifaqı-Gürcüstan münasibətlərində geriyə addımlar atılacağını da proqnozlaşdırırlar. Gürcüstanın hakim partiyasının lideri Bdzina İvanişvilinin Tiflisin 2030-cu ildə Aİ-yə üzv olacağı barədə proqnozları ən azından siyası manipulyasiya təsiri bağışlayır. Yaranmış vəziyyət ayağa qalxan Avropaya inteqrasiya tərəfdarlarını sakitləşdirmək üçün hakimiyyətdən müəyyən addımlar atmaq və manevrlər etməyi tələb edir. Bdzina İvanişvilinin Avropa İttifaqına 2030-cu ilədək qoşulacağı proqnozu da məhz etirazçıları sakitləşdirmək üçün ortaya atılan vəd kimi qiymətləndirilə bilər. Düşünürəm ki, Gürcüstanda 2014-cü il Ukrayna hadisələri təkrarlana bilər. Lakin Rusiya Abxaziya və Cənubi Osetiyanın azad edilməsini təklif etməklə, Qərbi qabaqlaya bilər. Düşünmürəm ki, gürcülər Avro məkana inteqrasiya yolundan geri çəkilsinlər”.