Qalstanyan kartı: Üsyanı Ermənistanı xaosa sürükləyir -RƏY

Nikol Paşinyanın istefasını tələb edən hərəkatın baş nazirliyə namizədi Baqrat Qalstanyan olmalıdır.
Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan çıxış edib.
“Hesab edirəm ki, dünən parlamentə daxil olmaq və Nikol Paşinyana etimadsızlıq prosesinə başlamaq üçün artıq parlamentin siyasi qüvvələri ilə məsləhətləşmələr apardığını elan edən Baqrat Qalstanyan düzgün yoldadır. Konstitusiya da bu qüvvələrin baş nazirliyə namizədlərini təqdim etmələrini tələb edir. Hazırda hesab edirəm ki, baş nazir postuna namizəd Baqrat Qalstanyan olmalıdır”, - Oskanyan bildirib.
Oskanyan hər kəsi Baqratın əsgəri olmağa çağırıb.

Oskanyanın fikirlərinə münasibət bildirən politoloq Tural İrfan "Sherg.az"a söyləyib ki, Baqrat Qalstanyanın üsyanı Ermənistanı xaosa sürükləyir:
“Çünki Paşinyan tərəfdarları ilə silahlı qarşıdurma baş verə bilər. Qalstanyan bir çox cinayətlərdə əli olan şəxsdir. Azərbaycana qarşı baş vermiş işğal və qırğınlarda işitak edib, həmişə radikal və barışmaz, revanşist mövqeyi ilə seçilib. Qərbdən olan maraqlı güclər sərhədlərin delimitasiyasına başlanması ilə əllərini hər yerdən üzdükdən sonra Qalstanyan kartına əl atdılar. Erməni kilsəsi ümumiyyətlə əvvəldən revanşist ideoloji xətt üzərindən hərəkət edib. Bütün soyqırımı aktları məhz bu kilsənin fitvası ilə baş verib. Hətta Ermənistanın 1-ci "milli qəhrəmanı" da bütün ermənilərin katolikosu 1-ci Vazgendir. Bu onu göstərir ki, erməni kilsəsi heç də dinlə və dini işlərlə məşğul deyil”.


Ekspert bildirib ki, humanizm, insani dəyərlər, tolerantlıq, multikulturalizm kimi dəyərlər əsla erməni kilsəsinə xas olmayıb:
“Qərbin də bu radikal və terrora hökm verən kilsə haqda münasibəti həmişə loyal olub. Ona görə ki, Ermənistan qurulandan bəri o dövlətin səlibçilik təfəkkürlü ideoloji mərkəzi məhz erməni kilsəsi olub. Ermənistan teokratik dövlət olmamasına baxmayaraq dərin dövlət funksiyasını həmişə kilsə həyata keçirib. İndi də keşişin baş nazir olmasını irəli sürürlər. Hesab edirəm ki, Qalstanyanın bu posta gəlməsi ermənilər üçün fəlakət olmaqla yanaşı, bölgə üçün də təhlükədir. Münaqişələrin yenidən qızışdırılmasına təkandır. Hökumətin asanlıqla istefaya getməsi də inandırıcı gəlmir. Oskanyan, Sarkisyan, Koçaryan kimi köhnə simalar ancaq revanşist düşüncədə olmaqla yanaşı daha çox xarici maraqların aləti kimi çıxış edə bilərlər. Erməni toplumunun da keşişin hakimiyyətə gəlməsinə münasibəti birmənalı olmaya bilər. Kilsədən və kilsə təsirindən qurtulmağa cəhd edən Paşinyana bu mövqeyində əhali də dəstək verirdi. İndi qəfildən bu fikirdən vaz keçib keşişi hakimiyyətə gətirmələri ağla batan görünmür. Hesab edirəm ki, Qərbin səlibçilik təfəkküründə olan Fransa kimi anti-islam, anti-türk dövlətləri və müəyyən dairələr Ermənistanda Türkiyə və Azərbaycana qarşı barışmaz, revanşist fikirdə olan kilsəni hakimiyyətə gəlmək, daha doğrusu onların əli ilə çevriliş etmək istəyirlər. Rusiyanın marağı Paşinyanın devrilməsində ola bilər, ancaq Türkiyə və Azərbaycan münasibətlərinə görə revanşist və çətin idarə olunan keşişlərin hakimiyyəti ələ almasına rəvac verməsinə inanmıram. Onu da unutmayaq ki, son günlər Ermənistan - Rusiya münasibətlərində yumşaqlıq, bəlkə də istiləşmə hiss olunurdu. Ermənistanın yenidən Rusiyaya yaxınlaşmasını hiss edən Qərb bu üsyana rəvac vermiş ola bilər. Ancaq Paşinyan hakimiyyətinin bu üsyanlarla devrilə biləcəyinə inanmıram.

Qeyd edək ki, Ermənistanda xalq müxalifət liderlərinə inanmır və onlara etimad çox aşağı səviyyədədir. Buna görə də erməni müxalifəti keşiş Baqratın arxasında gizlənib, onu qabağa veriblər və keşişi baş nazir etmək təşəbbüsü  göstərilir”.